İQTİSADİYYAT
PAŞA Bank aparıcı İsveçrə bankı ilə əməkdaşlıq edəcəkdir
Bakı, 20 noyabr (AZƏRTAC). Azərbaycanın aparıcı korporativ banklarından biri olan PAŞA Bankın “private banking” (fərdi bankçılıq) sahəsində İsveçrənin aparıcı banklarından sayılan Banque Cantonale de Genève (BCGE) bankı ilə apardığı danışıqlar müvəffəqiyyətlə yekunlaşmışdır.
Danışıqların nəticəsində PAŞA Bankın Azərbaycandakı korporativ və fərdi müştəriləri indi artıq Bank tərəfindən BCGE bankına təqdim olunmaqla onun maliyyə həllərindəki mütəxəssis ekspertizasından faydalana biləcəklər.
Bankın Marketinq Departamentindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə çıxış edən PAŞA Bankın İdarə Heyətinin sədri Fərid Axundov İsveçrənin aparıcı maliyyə institutlarının biri ilə əməkdaşlığa başlamaqdan məmnunluğunu bildirərək demişdir: “Biz, Banque Cantonale de Genève – dən çox şey öyrənə bilərik və Azərbaycandakı müştərilərimizə göstərilən xidmətlər sahəsində onlarla əməkdaşlığa böyük önəm veririk”.
F.Axundov, həmçinin PAŞA Bankın beynəlxalq şəbəkəsini uğurla qurmaqda davam etdiyini və bu yaxınlarda Gürcüstanda nümayəndəliyini açdığını diqqətə çatdıraraq bildirmişdir ki, beynəlxalq miqyasda inkişaf strategiyamızın çərçivəsində biz yaxın gələcəkdə Cenevrədə öz fəaliyyətimizi təşkil etməyi nəzərdə tutmuşuq və BCGE kimi nüfuzlu banklar ilə əməkdaşlıq bizim üçün böyük əhəmiyyət təşkil edir”.
“Banque Cantonale de Genève” bankının baş icraçı direktoru Blez Qoetşin bildirmişdir ki, İsveçrə və Azərbaycan arasında işgüzar münasibətlərin artmasını nəzərə alaraq, Azərbaycan iqtisadiyyatının inkişafında çox maraqlıyıq. “Bizim PAŞA Bank ilə əməkdaşlığımız əlimizi Qafqazın nəbzində tutmağa və qarşılıqlı səmərəli əlaqələr yaratmağa imkan verir”,- deyə İsveçrə bankının təmsilçisi vurğulamışdır.
PAŞA Bankın fərdi müştərilərinin investisiya və fidusiar əmanət hesabları və İsveçrə banklarının digər fərdi bankçılıq üzrə xidmətlərindən istifadə edilməsi üçün müraciət etmə imkanı Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən “Valyuta tənzimi haqqında” qanuna və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasında rezident və qeyri-rezident valyuta əməliyyatlarının rejimi haqqında
Qaydalar”a tam uyğundur.