İQTİSADİYYAT
“PAŞA Həyat Sığorta” həyatın yaşam sığortası növü üzrə online müraciət xidməti yaratmışdır
Bakı, 8 noyabr (AZƏRTAC). “PAŞA Həyat Sığorta” ASC potensial müştərilərinin rahatlığını nəzərə alaraq, öz rəsmi veb-səhifəsində (www.pasha-life.az) həyatın yaşam sığortası növü üzrə online müraciət bölməsini yaratmışdır.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müştərilər bölmədəki xüsusi xanalara müəyyən məbləği daxil etməklə öz sığorta haqları və sığorta məbləğlərini online hesablamaq imkanı əldə edirlər. Hesablamanın nəticəsi olaraq, müştəri bu məhsula qoşulmaqla bağlı şirkətə sorğu da göndərə bilər. Göndərilən sorğu müvafiq qiymətləndirmədən keçdikdən sonra şirkət əməkdaşı sorğu göndərənlə dərhal əlaqə saxlayır və müştəri ilə müvafiq sığorta müqaviləsi bağlanılır.
Bu xidmətin yaradılmasında əsas məqsəd əhalini sözügedən məhsul barəsində maarifləndirməklə yanaşı, potensial müştərilərin vaxtlarına qənaət etməklə məhsuldan yararlanmasını tez bir zamanda təmin etməkdir.