İQTİSADİYYAT
“PAŞA Həyat” istehsalatla bağlı ölüm hadisəsinə görə 49 min manata yaxın sığorta ödənişi həyata keçirmişdir
Bakı, 1 oktyabr (AZƏRTAC). “PAŞA Həyat Sığorta” ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə daha bir iri həcmli ödənişini həyata keçirmişdir.
Şirkətin marketinq, planlaşdırma və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “PAŞA Həyat” tərəfindən sığortalı müəssisənin işçisi istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Bu sığorta hadisəsinə görə, şirkət tərəfindən sığorta olunmuş şəxsin ailəsinə 48 min 880 manat birdəfəlik ödəniş edilmişdir.
Qeyd edək ki, “PAŞA Həyat” ilin əvvəlindən indiyədək sözügedən sığorta növü üzrə 560 min manata yaxın sığorta ödənişi həyata keçirmişdir ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,5 dəfə çoxdur. Təkcə sentyabr ayında istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində ölüm halları və xəsarətlərlə əlaqədar 102 min manatdan çox sığorta ödənişi edilmişdir.