İQTİSADİYYAT
“PAŞA Holding” və onun maliyyə törəmə müəssisələri “Qarabağ Dirçəliş Fonduna” 2 milyon AZN vəsait köçürüb
“PAŞA Holding” və onun bank və sığorta müəssisələri işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmış “Qarabağ Dirçəliş Fonduna” vəsait köçürüb. Belə ki, sözügedən Fonda “PAŞA Holding”, “PAŞA Bank”, “Kapital Bank”, “PAŞA Sığorta” və “PAŞA Həyat” tərəfindən ümumilikdə 2 milyon AZN ianə edilib.
“Azad olunmuş ərazilərdə vətəndaşlarımızın firavan yaşaması hər birimizin arzusu və məqsədidir. Şübhəsiz ki, dirçəltmə prosesi dövlət tərəfindən yüksək səviyyədə həyata keçiriləcək. Regionun öndə gedən şirkətlərindən biri olaraq sözügedən bölgələri dirçəltmək bizim də növbəti illəri əhatə edən strategiyalarımıza mütləq qaydada daxil olunacaq. Belə ki, biz bu istiqamətdə müxtəlif növ layihələr həyata keçirəcəyik və bu fəaliyyətlərin, eləcə də həyata keçiriləcək layihələr üzrə prioritetləşdirmə prosesinin vacibliyini nəzərə alaraq öz inkişaf planlarımızı müvafiq dövlət strukturları ilə razılaşdıracağıq”, – deyə “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov vurğulayıb.
Qeyd edək ki, Cəlal Qasımov “PAŞA Holding”in dirçəltmə prosesi üzrə planları barədə “Nargis” jurnalına verdiyi müsahibəsində də məlumat verib. “Düşünürəm ki, birgə səylərimiz nəticəsində Qarabağ yaxın gələcəkdə regionun mərkəzinə çevriləcək”, – deyə Cəlal Qasımov bildirib.
Xatırladaq ki, “PAŞA Holding” Silahlı Qüvvələrə Dəstək, eləcə də YAŞAT Fonduna yardım göstərən ilk şirkətlərdən olub.