PESAX YƏHUDİLƏRİN AZADLIQ BAYRAMIDIR
Bakı, 9 aprel (AZƏRTAC). Aprelin 8-də axşam Azərbaycanın bütün sinaqoqlarında yəhudilərin Pesax bayramının başlanması ilə əlaqədar ibadət mərasimləri keçirilmişdir.
Yəhudilərin ən mühüm bayramlarından biri olan Pesax onların Misirdən çıxması və bu xalqın köləlikdən azad olması ilə əlaqədar xatirə günüdür. Pesax baharın nisan ayının 15-ci günündə başlanır və İsraildə 7 gün, onun hüdudlarından kənarda isə 8 gün bayram edilir.
Yəhudi xalqının Misirdən çıxması və 400 illik köləlikdən xilas olması Bibliya tarixinin mühüm hadisələrindən biri və yəhudi xalqının tarixinin başlanğıcı hesab edilir. Ümumiyyətlə, iudaizm sistemi yəhudilərin Misirdən çıxması və həsrətini çəkdikləri diyara qovuşması, öz müstəqil dövlətini qurması ilə bağlı sonrakı hadisələrə əsaslanır.
Bibliya nazil olan dövrdə Pesax bayramı məbədlərin ziyarət edilməsi, qurbanlar kəsilməsi və qurbanlıq ətdən hazırlanmış yeməklər verilən ziyafət mərasimi ilə müşayiət olunurdu.
Rəvayətə görə, “Pesax” adı onunla bağlıdır ki, Misir fironu yəhudi xalqına azadlıq verməkdən imtina etdiyi üçün Allah misirliləri cəzalandırarkən yəhudilərin evlərindən “yan keçmişdir”.
Pesax bayramının qeyd edilmə qaydası müqəddəs Tövratda ətraflı təsvir edilmişdir. Bütün Pesax günlərində turş yeməklər haram sayılır. Yəhudilər Misiri tərk edərkən özləri ilə bu cür yemək götürməyə macal tapmamışdılar. Bundan əlavə, qıcqıra biləcək yeməklərdən də imtina edilməlidir. Pesax günlərində maya əsasında hazırlanan likör, pivə və başqa spirtli içkilər qəbul edilməsi haram sayılır. Pesax günlərində yalnız buğda unundan hazırlanmış “matsa” deyilən şit çörək yeməyə icazə verilir. Kölə yəhudilər Misiri tərk edərkən bu çörəklə qidalanırdı. Matsa yəhudilərə bir daha xatırladır ki, fironun icazəsi ilə ölkəni tərk edən yəhudilər o qədər tələsirdilər ki, mayasız xəmirdən çörək bişirməli olmuşdular.
Pesaxın kulminasiya anı seder (“qayda”) deyilən axşam yeməyidir. Bayramın birinci və ikinci günündə gecə vaxtı təşkil edilən seder mərasimi adamlar sinaqoqdan qayıdandan sonra başlanır. Bütün ailə üzvləri və qonaqlar stolun dövrəsində toplaşır. Seder zamanı müvafiq dualar oxunur, digər ibadət mərasimləri keçirilir.
Pesaxın zəruri şərtlərindən biri də budur ki, bütün imkansızlar, habelə bayramı öz ailəsi ilə birgə qeyd etməyə şəraiti olmayan insanlar yemək süfrəsinə dəvət edilir.