ELM VƏ TƏHSİL
“PICASP” layihəsi çərçivəsində növbəti görüş
Bakı, 29 aprel, AZƏRTAC
Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2 “Xəzər bölgəsinin inkişafında universitet-müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisəsi pilot kursları, PICASP” layihəsinin konsorsium üzvlərinin növbəti görüşü keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Turizm və Menecment Universitetindən (ATMU) məlumat verilib. Bildirilib ki, görüş layihənin koordinatoru olan İtaliyanın D’Annuntsio Universitetinin (Kyeti-Peskara) təşkilatçılığı ilə keçirilib. ATMU-nu layihədə təmsil edən əməkdaşlar görüşdə iştirak ediblər.
Tədbirdə universitet-sənaye əməkdaşlığı, bu sahədə qazanılan təcrübələr, bakalavriatura və magistratura pillələrində Azərbaycan, Rusiya və Qazaxıstandan olan tərəfdaş universitetlərdə açıq ödənişsiz onlayn kursların (MOOCs) yaradılması imkanları kimi məsələlər müzakirə olunub.
“PICASP” layihəsinin ATMU üzrə koordinatoru, universitetin Elm və innovasiya şöbəsinin elmi innovasiya bölməsinin rəhbəri Faina Qaçabəyova universitetdə layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər haqqında məlumat verib.
Görüşdə, həmçinin layihə çərçivəsində görüləcək işlər müzakirə olunub və müvafiq təkliflər səsləndirilib.