ELM VƏ TƏHSİL
“PIRLS 2016”nın nəticələrinə əsasən azərbaycanlı şagirdlərin oxu bacarıqları 472 bala yüksəlib
Bakı, 5 mart, AZƏRTAC
Martın 5-də Bakıda “PIRLS 2016” - oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatın nəticələrinə dair təqdimat keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Təhsil İnstitutunun, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, təhsil ekspertləri və məktəb direktorları iştirak ediblər.
Təhsil Nazirliyinin təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev bildirib ki, tədbirin təşkilinin əsas məqsədi Azərbaycanın “PIRLS 2016” tədqiqatında iştirak edən dördüncü sinif şagirdlərinin nəticələrini ictimaiyyətə çatdırmaqdır. Layihə ilə bağlı məlumat verən E.Əmrullayev diqqətə çatdırıb ki, oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatın nəticələrinə görə, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 462-dən 472-yə yüksəlib.
Şöbə müdiri qeyd edib ki, ibtidai təhsil səviyyəsinin sonunda şagirdlərin oxu bacarıqlarını qiymətləndirən beynəlxalq tədqiqat proqramı olan “PIRLS” 2001-ci ildən etibarən hər beş ildən bir keçirilir. Azərbaycan bu proqrama 2011-ci ildə qoşulub. Əsasən inkişaf etmiş ölkələrin şagirdlərinin qatıldıqları bu qiymətləndirmə tədqiqatında dövlətlər üzrə orta bal 500 olaraq müəyyənləşdirilir.
Azərbaycanın “PIRLS”, “TIMSS” və “PISA” beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirak etdiyini bildirən E.Əmrullayev vurğulayıb ki, bu layihələr təhsilin keyfiyyətinin qiymətləndirilməsi funksiyasını yerinə yetirməklə yanaşı, ölkəmizdə təhsil prosesi haqqında məlumat əldə etməyə, həlli tələb olunan əhəmiyyətli problemləri araşdırmağa, nəticələrin beynəlxalq təcrübə ilə müqayisəsinə imkan yaradır. O deyib: “Sevindirici haldır ki, “PIRLS 2011” tədqiqatının nəticələri ilə müqayisədə azərbaycanlı şagirdlərin “mükəmməl” səviyyəyə daxil olan payı 0 faizdən 2016-cı ildə 2 faizədək artıb. “Yüksək” səviyyə üzrə isə şagirdlərin nəticələri 2011-ci illə müqayisədə 9 faizdən 2016-cı ildə 16 faizə yüksəlib. Başqa sözlə, ölkə üzrə son beş ildə “mükəmməl” və “yüksək” səviyyəyə uyğun nəticə göstərmiş ibtidai sinif şagirdlərinin sayı iki dəfə artıb. “Aşağı” səviyyəyə uyğun nəticə göstərmiş şagirdlərin payı 10 faiz azalıb. “PIRLS 2016” proqramına ümumilikdə 60 iştirakçı ölkə (ştat, zona və s.) üzrə 340 mindən çox şagird, 330 min valideyn, 16 min müəllim, 12 min məktəb cəlb olunub. Azərbaycan üzrə isə təsadüfi seçim əsasında proqramda 170 ümumtəhsil məktəbi, 6 mindən çox dördüncü sinif şagirdi, 340 müəllim və 6 mindən artıq valideyn iştirak edib”.
Milli Məclisin elm və təhsil komitəsi sədrinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Bəxtiyar Əliyev ölkəmizdə Təhsil Nazirliyi tərəfindən qısa müddətdə müsbət dəyişikliklərin həyata keçirildiyini söyləyib. Ölkəmizin beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirakının müsbət aspektlərindən danışan B.Əliyev bu prosesin davamlı olmasının vacibliyini vurğulayıb. Diqqətə çatdırılıb ki, “PIRLS” dördüncü sinif şagirdləri arasında oxu bacarıqlarının inkişaf etdirilməsində böyük əhəmiyyətə malikdir. Şagirdlərin oxu bacarıqlarına yiyələnmələri onların gələcəkdə bu biliklər sayəsində həyatlarını müstəqil şəkildə qurmalarına kömək edəcək. Beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirakın əhəmiyyətindən danışan B.Əliyev bildirib ki, proqram nəticəsində şagirdlərdə fikirlərini səlis, aydın, müstəqil şəkildə ifadə etmək bacarıqları formalaşır. Bu isə ibtidai sinif şagirdlərində təfəkkürün inkişafına və müstəqil düşünən şəxsiyyətin formalaşmasına zəmin yaradır.
Təhsil nazirinin vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov qeyd edib ki, təhsilin inkişafı Prezident İlham Əliyev tərəfindən ən vacib prioritetlərdən biri kimi müəyyənləşdirilib, təhsil işçilərinin qarşısında bir sıra mühüm tapşırıq və hədəflər qoyulub. Bu siyasi iradənin bariz nümunəsi kimi qısa müddətdə bir sıra strateji dövlət sənədlərinin qəbulunu, təhsil sahəsində köklü islahatlara yönəlmiş addımların atılmasını göstərmək olar. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq Təhsil Nazirliyi son illərdə ibtidai təhsil səviyyəsində şagird nailiyyətlərinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirib. Məktəbəhazırlıq qruplarının təşkili, ibtidai sinif müəllimlərinin sınaq qiymətləndirilməsi, bu qiymətləndirmə əsasında ixtisasartırma təlimləri, müəllimlərin peşəkar inkişafı, eləcə də şagirdlər arasında oxu vərdişlərinin təşviqi, oxu bacarıqlarının inkişafına yönəlmiş layihələr və valideynlərlə iş buna bariz nümunədir.
C.Bayramov beynəlxalq qiymətləndirmələrdə iştirakın davamlı olmasının vacibliyini vurğulayıb, eləcə də “PISA-2018” və “TIMSS-2019” tədqiqatlarında iştirak edəcək şagird və müəllimlərimizə uğurlar arzulayıb.
Sonda “PIRLS 2016” beynəlxalq tədqiqatının təşkili, pilot və əsas mərhələlərinin təşkili, oxu bacarıqları üzrə beynəlxalq reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup təhsil işçisinə Təhsil Nazirliyi tərəfindən təşəkkürnamə və fəxri fərmanı təqdim olunub.