ELM VƏ TƏHSİL


PIRLS beynəlxalq proqramı üzrə tədqiqatın nəticələri açıqlanıb

Bakı, 7 dekabr, AZƏRTAC

PIRLS tədqiqatı şagirdləri nəticələrinə görə dörd – “mükəmməl”, “yüksək”, “orta” və “aşağı” səviyyəyə bölür. “PIRLS-2011” tədqiqatının nəticələri ilə müqayisədə azərbaycanlı şagirdlərin “mükəmməl” səviyyəyə daxil olan payı sıfır faizdən 2016-cı ildə iki faizədək artıb. “Yüksək” səviyyə üzrə isə şagirdlərin nəticələri 2011-ci il ilə müqayisədə doqquz faizdən 2016-cı ildə 16 faizə yüksəlib. Ölkə üzrə son beş ildə “mükəmməl” və “yüksək” səviyyəyə uyğun nəticə göstərmiş ibtidai sinif şagirdlərinin sayı iki dəfə artıb. “Aşağı” səviyyəyə uyğun nəticə göstərmiş şagirdlərin payı 37 faizdən 27 faizə enib və ya 27 faiz azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Təhsil Nazirliyində PIRLS tədqiqatı üzrə azərbaycanlı şagirdlərin göstərdiyi yüksək nəticə ilə bağlı keçirilən brifinqdə məlumat verilib.

Bildirilib ki, “PIRLS-2016” proqramına ümumilikdə 60 iştirakçı ölkə üzrə 340 mindən çox şagird, 330 min valideyn, 16 min müəllim, 12 min məktəb cəlb olunub. Azərbaycan üzrə isə təsadüfi seçim əsasında 170 ümumtəhsil məktəbi, 6 mindən çox 4-cü sinif şagirdi, 340 müəllim və 6000-dən çox valideyn iştirak edib.

Qeyd edək ki, PIRLS ibtidai təhsil səviyyəsinin sonunda şagirdlərin oxu bacarıqlarını qiymətləndirən beynəlxalq tədqiqat proqramıdır. PIRLS tədqiqatı Şagirdlərin Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən 2001-ci ildən başlayaraq hər beş ildən bir keçirilir. Azərbaycan Respublikası bu proqrama 2011-ci ildə qoşulub. Əsasən inkişaf etmiş ölkələrin şagirdlərinin qatıldıqları bu qiymətləndirmə tədqiqatında ölkələr üzrə orta göstərici 500 bal müəyyənləşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.