REGİONLAR
“PİRSUVAR” DÜZÜNDƏKİ SUSUZ SAHƏLƏR ƏKİN DÖVRİYYƏSİNƏ DAXİL EDİLİB
Heydər Əliyev Su Anbarının istifadəyə verilməsi Babək rayonu ərazisindəki Pirsuvar düzənliyinə yeni həyat bəxş etmişdir. Anbardan çəkilmiş kanal burada min hektarlarla sahəni əkin dövriyyəsinə daxil etməyə imkan vermişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, cari payız mövsümündə Pirsuvar düzündə ilk dəfə olaraq min hektar sahədə taxıl əkilmişdir.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Pirsuvar massivinə gəlmiş, əkin sahələrinə baxmışdır. Ona məlumat verilmişdir ki, əraziyə məhsuldar və yerli şəraitə uyğun “Dağ daş” və “Bərəkətli” buğda sortlarının toxumları səpilmiş, texniki tələblər əsasında becərmə aparılmış, normal bitiş alınmışdır.
Baxış zamanı, həmçinin əkin sahələrinin strukturunun təkmilləşdirilməsi, əkinçilik mədəniyyətinin yüksəldilməsi, daha məhsuldar buğda sortlarından istifadə edilməsi taxılçılığın inkişafında zəruri amillər kimi dəyərləndirilmişdir.