DÜNYA
PLASTİK ANTİCİSİMLƏR SAĞALMA İMKANINI ARTIRIR
Bakı, 15 iyun (AZƏRTAC). Alimlər plastik anticisimləri – infeksiyaların tanınması və onlarla mübarizə üçün immun sisteminin hasil etdiyi süni zülallarI laboratoriya siçanlarının qanında uğurla sınaqdan keçirmişlər.
Sözügedən metod müxtəlif antigenlərə (yad zülallar) qarşı mübarizə aparmaq üçün təbabətdə adi plastik hissəciklərdən istifadə istiqamətində atılmış ilk əhəmiyyətli addımdır. Həmin antigenlərə virus və bakteriyaların zülalları, yaxud tozcuq və toza allergik reaksiya ilə bağlı zülallar, həşərat sancması və ya ərzaq məhsulları daxildir.
Alimlər Kennet Şia və Yu Xosino bundan əvvəl insan saçının eninin əllimindəbir hissəsinə barəbər plastik nanohissəciklər hazırlamışlar. Anticisim kimi işləyib antigenlərin fəaliyyətini dayandıran da məhz həmin nanohissəciklərdir. Alimlər təcrübə zamanı bal zəhərinin əsas komponenti olan milettindən istifadə etmiş, ştamplama mexanizminin köməyi ilə xüsusi anticisim yaratmışlar. Sonra melittini kiçik monomer molekulları ilə qarışdıraraq, standart zülalları uzun və möhkəm tellərlə bağlayan kimyəvi reaksiya əmələ gətirmişlər. Plastik əsas donduqda zəhərin qalıqlarını yumuşlar və zəhərin formasında oyuqları olan nanohissəciklər yaratmışlar.
Yaponiyanın Sidzuoka Universitetində aparılmış təcrübələr göstərmişdir ki, süni anticisimlər əla işləyir. Alimlər əvvəlcə siçanlara hüceyrələri məhv edən ölümcül zəhər dozası, daha sonra plastik anticisimlər yeritmişlər. Nanohissəciklər gəmiricilərin sağ qalmaq imkanını artırmışdır.
Alimlər hesab edirlər ki, belə anticisimləri istənilən antigenə uyğunlaşdırmaq olar.