Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

POÇT RABİTƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININQANUNU

Bu Qanun Azərbaycan Respublikasında poçt rabitəsi sahəsində fəaliyyətin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyənləşdirir, poçt rabitəsi xidmətləri göstərənlərlə istifadəçilər arasında münasibətləri tənzimləyir.

I fəsil

Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunun məqsədləri üçün istifadə edilən əsas anlayışlar aşağıdakılardır:

1.0.1. Poçt rabitəsi – poçt göndərişlərinin qəbulunu, çeşidlənməsini, daşınmasını, ünvan sahibinə çatdırılmasını təmin edən obyektlərin və nəqliyyat vasıtələrinin vahid texnoloji sistemi;

1.0.2. Poçt rabitəsi xidmətləri - poçt göndərişlərinin qəbulu, çeşidlənməsi, saxlanılması, daşınması, göndərilməsi və ünvan sahibinə çatdırılması fəaliyyəti;

1.0.3. Universal poçt rabitəsi xidmətləri – Azərbaycan Respublikasının ərazisində əhalinin bütün təbəqələrinin istifadə edə biləcəyi müyəssər tariflərlə göstərilən və ümumi istifadədə olan poçt rabitəsi xidmətləri;

1.0.4. Sürətli poçt rabitəsi xidməti – fiziki poçt göndərişlərinin ən sürətlə işlənməsini və çatdırılmasını təmin edən poçt rabitəsi xidməti;

1.0.5. Kuryer xidməti – eyni kuryer tərəfindən poçt göndərişinin qəbul edilərək ünvan sahibinə çatdırılması;

1.0.6. Poçt rabitəsi operatoru – poçt rabitəsi xidmətləri göstərən fiziki və ya hüquqi şəxs;

1.0.7. Poçt rabitəsinin milli operatoru (milli operator) – müvafiq icra hakimiyyəti orqanı tərəfindən universal poçt rabitəsi xidmətləri göstərilməsi üçün təyin olunmuş poçt operatoru;

1.0.8. Poçt göndərişi – poçt rabitəsi operatoru tərəfindən müəyyən ünvana çatdırılmaq üçün qəbul edilmiş poçt kartları, məktublar, teleqramlar, pul baratları, banderollar, kiçik paketlər, sekoqramlar, xüsusi “M” kisələri, bağlamalar;

1.0.9. Sadə poçt göndərişi – göndərilmək üçün istifadəçidən qeydiyyat aparılmadan və qəbz verilmədən qəbul olunan, çatdırılan zaman isə ünvan sahibindən heç bir imza tələb olunmayan poçt göndərişi;

1.0.10. Sifarişli poçt göndərişi – göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişi;

1.0.11. Sekoqram – içərisində korlar üçün nəzərdə tutulmuş qabarıq şriftli nəşrlər olan poçt göndərişi;

1.0.12. Nəzarət keçid müddətləri – müvafiq icra hakimiyyəti orqanı tərəfindən poçt göndərişinin qəbulundan ünvan sahibinə çatdırılmasınadək təyin edilmiş müddətlər;

1.0.13. Bəyan olunmuş qiymət – poçt göndərişinin qəbulu zamanı göndərici tərəfindən bəyan edilmiş və poçt göndərişinin (məktub, bağlama) itirilməsi, oğurlanması və ya içərisindəki əşyaların zədələnməsi hallarında ona və ya onun təyin etdiyi şəxsə ödəniləcək kompensasiyanın məbləği;

1.0.14. Beynəlxalq poçt mübadiləsi yeri – beynəlxalq poçt göndərişlərinə gömrük nəzarətinin və rəsmiləşdirilməsinin həyata keçirildiyi poçt rabitəsi obyekti;

1.0.15. Beynəlxalq poçt mübadiləsi məntəqəsi – beynəlxalq poçt mübadiləsinin həyata keçirildiyi yer;

1.0.16. Xidməti poçt göndərişi – poçt rabitəsi operatorları tərəfindən xidməti məqsədlə göndərilən poçt göndərişi;

1.0.17. Poçt çeki – poçt operatoru tərəfindən cari poçt hesabının sahibinə verilən və təqdim edənə ödənilən pul sənədi.

Maddə 2. Poçt rabitəsi haqqında qanunvericilik

Poçt rabitəsi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

II fəsil

Poçt rabitəsinin idarə edilməsi və tənzimlənməsi

Maddə 3. Poçt rabitəsinin idarə edilməsi

3.0. Azərbaycan Respublikasında poçt rabitəsini idarə edən müvafiq icra hakimiyyəti orqanı:

3.0.1. Poçt rabitəsi sahəsində öz fəaliyyətini bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirir;

3.0.2. Poçt rabitəsi sahəsində dövlət nəzarətini həyata keçirir;

3.0.3. Poçt rabitəsi sahəsində dövlət proqramlarını işləyib hazırlayır və qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirir;

3.0.4. Poçt rabitəsi xidmətlərinin standartlarını müəyyən edir;

3.0.5. Poçt rabitəsi sahəsində vahid elmi-texniki siyasətin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.0.6. Beynəlxalq poçt mübadilə məntəqələrini və yerlərini müvafiq icra hakimiyyəti orqanı ilə birgə qanunvericiliyə uyğun müəyyən edir;

3.0.7. Poçt göndərişlərinin növlərini və onların xüsusiyyətlərini müəyyən edir;

3.0.8. Poçt rabitəsi sahəsi üzrə Azərbaycan Respublikasının beynəlxalq sənədlərə qoşulması barədə təklif verir;

3.0.9. Milli operatoru təyin edir və onun vəzifələrini müəyyənləşdirir.

Maddə 4. Poçt rabitəsi sahəsinin tənzimlənməsi

4.1. Poçt rabitəsi sahəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı qaydada tənzimlənir:

4.1.1. Universal poçt rabitəsi xidmətlərinin göstərilməsinin ümumi qaydalarının təsdiqi, keyfiyyət normativlərinin müəyyən edilməsi və bu xidmətlərin tariflərinə dair təkliflər verilməsi;

4.1.2. Poçt rabitəsinin növlərinin qanunvericiliyə uyğun müəyyənləşdirilməsi;

4.1.3. Dövlət poçt ödənişi nişanlarının hazırlanması, nominal dəyərinin və tirajının təsdiq edilməsi, onların nəşri, dövriyyəyə buraxılması və dövriyyədən çıxarılması qaydasının müəyyən edilməsi;

4.1.4. Poçt indekslərinin və nəzarət keçid müddətlərinə dair normativlərin təsdiq edilməsi;

4.1.5. Poçt rabitəsi xidmətlərinin keyfiyyətinə qanunvericiliyə uyğun nəzarət edilməsi;

4.1.6. İstifadəçilərin hüquq və maraqlarının qorunmasının təmin edilməsi;

4.1.7. Milli operatorun fəaliyyəti üzrə beynəlxalq əlaqələrinin təşkili;

4.1.8. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyə uyğun olaraq fövqəladə hallarda poçt rabitəsi şəbəkələrinin idarə edilməsi ilə bağlı qaydaların hazırlanması.

4.2. Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 5. Milli operatorun fəaliyyətinin maliyyələşmə mənbələri

5.0. Milli operatorun fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:

5.0.1. Poçt rabitəsi xidmətləri göstərilməsindən əldə edilən gəlirlər;

5.0.2. Poçtla reklam yayımından və poçt göndərişlərinin üzərində reklamın yerləşdirilməsindən əldə edilən gəlirlər;

5.0.3. Müqavilə əsasında göstərilən xidmətlərdən əldə edilən gəlirlər;

5.0.4. Bank kreditləri, qrantlar, daxili və xarici sərmayələr;

5.0.5. Poçt rabitəsinin təşkili, inkişafı, onun nəqliyyat, informasiya və sosial infrastrukturuna kapital qoyuluşları, maliyyə və texniki yardımları.

Maddə 6. Milli operatorun müstəsna hüquqları

6.0. Milli operatorun müstəsna hüquqları aşağıdakılardır:

6.0.1. Poçt qutularında Azərbaycan Respublikasının dövlət gerbinin əksini həkk etmək;

6.0.2. Dövlət poçt ödənişi nişanlarının hazırlanması, nominal dəyəri, tirajı, onların nəşri, dövriyyəyə buraxılması və dövriyyədən çıxarılmasına dair təkliflər vermək;

6.0.3. Göndəricilərdən sadə məktub və poçt kartlarının yığılması üçün poçt qutularını istifadəçilər üçün münasib yerlərdə yerləşdirmək;

6.0.4. Poçt rabitəsi obyektlərinə indeksləri təyin etmək;

6.0.5. Poçt göndərişlərinin və pulların daşınması, inkassasiyası zamanı mühafizə məqsədilə qanunvericiliklə müəyyən olunmuş qaydada silahla təchiz etmək;

6.0.6. Ümumdünya Poçt İttifaqının tələblərinə uyğun poçt ödəniş xidmətlərini (pul köçürmələri, poçt çekləri, poçt əmanətləri və s.) müvafiq qanunvericiliyə uyğun həyata keçirmək.

III fəsil

Poçt rabitəsi xidmətləri

Maddə 7. Poçt rabitəsinin növləri

7.1. Poçt rabitəsi ümumi istifadədə olan və xüsusi təyinatlı poçt rabitəsi növlərinə bölünür.

7.2. Ümumi istifadədə olan poçt rabitəsi xidmətlərinə universal, sürətli, kuryer və s. poçt rabitəsi xidmətləri aiddir.

7.3. Xüsusi təyinatlı poçt rabitəsinə dövlət-feldyeger, feldyeger-poçt və xüsusi poçt rabitəsi xidmətləri aiddir.

Maddə 8. Poçt rabitəsi sahəsində fəaliyyətin prinsipləri

8.0. Poçt rabitəsi sahəsində fəaliyyət aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

8.0.1. Ümumi istifadədə olan poçt rabitəsi xidmətlərindən azad istifadə;

8.0.2. İstifadəçilərin hüquqlarının qorunması;

8.0.3. Ümumi istifadədə olan poçt rabitəsi fəaliyyətində hüquqi və fiziki şəxslərin iştiraketmə hüquqlarının bərabərliyinin təmin olunması;

8.0.4. Poçt rabitəsi sahəsində məxfiliyin qorunması;

8.0.5. Haqsız rəqabətə və inhisarçılığa yol verilməməsi.

Maddə 9. Poçt rabitəsi xidmətlərinin göstərilməsi

9.1. Poçt rabitəsi operatoru poçt rabitəsi xidmətlərini müvafiq standartlara uyğun həyata keçirir.

9.2. Poçt rabitəsi operatoru poçt rabitəsi xidmətlərini göstərmək üçün digər şəxslərlə müqavilə bağlaya bilər.

9.3. Pul baratlarının ölkə ərazisindən kənara göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir.

9.4. Universal poçt rabitəsi xidmətləri istisna olmaqla digər poçt rabitəsi xidmətlərinin tarifləri poçt rabitəsi operatorları tərəfindən sərbəst şəkildə müəyyən edilir.

Maddə 10. Milli operatorun müqavilə əsasında göstərdiyi xidmətlər

Milli operator müqavilə əsasında dövri mətbuatın abunə və satış yolu ilə yayımı, pensiyaların, müavinətlərin və digər məqsədli ödənişlərin ödənilməsi, telefon danışıqlarının təşkili, bütün növ telefon və kommunal xidmətlərinə görə ödənişlərin qəbulu ilə məşğul ola bilər.

Maddə 11. Universal poçt rabitəsi xidmətləri

11.1. Universal poçt rabitəsi xidmətlərinin tərkibinə aşağıdakılar aiddir:

11.1.1. çəkisi 2 kq-a qədər olan daxili və beynəlxalq məktub, banderol və kiçik paketlər (sadə və sifarişli);

11.1.2. çəkisi 10 kq-a qədər olan daxili və beynəlxalq adi poçt bağlamaları;

11.2. Universal poçt rabitəsi xidmətlərinin tarifləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müəyyən edilir.

11.3. Aşağıdakı xidmətlərin milli operator tərəfindən göstərilməsi pulsuzdur:

11.3.1. çəkisi 7 kq-a qədər olan daxili və beynəlxalq sekoqramların göndərilməsi;

11.3.2. poçt rabitəsi obyektləri tərəfindən göndərilən xidməti poçt göndərişləri.

11.4. Müddətli həqiqi hərbi qulluqçular üçün pulsuz poçt rabitəsi xidmətlərinin göstərilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirilir.

11.5. Universal poçt rabitəsi xidmətlərinin normativlərini və bu xidmətlərin göstərilməsi ilə bağlı zərərin kompensasiyası qaydalarını və mənbələrini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 12. Dövlət poçt ödənişi nişanları

12.1. Dövlət poçt ödənişi nişanlarına poçt markaları, zərflərin və poçt kartlarının üzərində mətbəə üsulu ilə həkk edilmiş poçt markaları, dövlət poçt ödənişi nişanlarına bərabər tutulan markalayıcı maşının həkki daxildir.

12.2. Dövlət poçt ödənişi nişanlarının saxtalaşdırılması ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.

Maddə 13. Çatdırılması mümkün olmayan və paylanmayan poçt

göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi

13.1. Aşağıdakı hallarda poçt göndərişi çatdırılması mümkün olmayan hesab edilir:

13.1.1. Poçt göndərişinin üzərində ünvanın dəqiq olmadığı, silindiyi, pozulduğu, oxunmadığı və ya buna oxşar digər hallarda;

13.1.2. Ünvan sahibi poçt göndərişini almaqdan imtina etdikdə.

13.2. Ünvanı dəqiqləşdirmək mümkün olmadıqda və ya ünvan sahibi poçt göndərişini almaqdan imtina etdikdə, poçt göndərişi çatdırılması mümkün olmayan göndəriş kimi göndəriciyə qaytarılmalıdır. Poçt göndərişinin üzərindəki məlumatlara əsasən göndəricini müəyyənləşdirmək mümkün olmadıqda yaxud göndərici poçt göndərişini geri almaqdan imtina etdikdə, belə göndərişlər paylanmayan poçt göndərişilərinə aid edilir. Bu halda poçt rabitəsi operatoru poçt göndərişini məhkəmənin müvafiq qərarından sonra aça bilər.

13.3. Poçt rabitəsi operatoru paylanmayan poçt göndərişləri üçün 3(üç) ayda bir dəfədən az olmayaraq, onların açılmasına razılıq almağa dair məhkəməyə müraciət etməli, məhkəmə həmin müraciətə 5 (beş) iş günü ərzində baxmalıdır.

13.4. Paylanmayan poçt göndərişləri qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla poçt rabitəsi operatoru tərəfindən 6 (altı) ay saxlanmalıdır.

13.5. Paylanmayan poçt göndərişlərinin içərisində tez xarab olan mallar olduqda onlar qanunvericiliklə müəyyən edilmiş qaydada satılmalı, bu mümkün olmadıqda isə həmin mallar məhv edilməlidir. Satışdan əldə olunan vəsait bu Qanunun 13.4-cü maddəsində göstərilmiş müddət başa çatdıqdan sonra poçt operatoru tərəfindən çəkilmiş xərclər çıxıldıqdan sonra dövlət büdcəsinə köçürülür.

13.6. Poçt göndərişinin ünvan sahibinə və ya göndəriciyə çatdırılması mümkün olmadığı halda saxlama müddəti başa çatdıqdan sonra poçt rabitəsi operatorunun müraciəti və bu barədə məhkəmənin müvafiq qərarı ilə poçt göndərişinin içərisindəki əşyalar, mallar və pul vəsaitləri sahibsiz hesab edilir.

13.7. Poçt göndərişinin içərisində aşkar edilmiş yazışma xarakterli materiallar, bu Qanunun 13.4-cü maddəsində göstərilmiş müddət başa çatdıqdan sonra məhv edilməlidir. Sahibsiz hesab edilən poçt göndərişinin içərisində olan digər əşyalar göndəricinin və ünvan sahibinin şəxsi və ya kommersiya səciyyəli sirrinin məxfiliyinə xələl gətirmədiyi halda poçt operatoru tərəfindən satışa çıxarılmalıdır. Poçt göndərişinin içərisində aşkar edilmiş nağd pul, həmçinin əşya və ya malların satışından əldə edilmiş vəsait poçt operatoru tərəfindən çəkilmiş xərclər çıxılmaqla dövlət büdcəsinə köçürülür.

13.8. Poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

IV fəsil

Poçt rabitəsi operatorlarının dövlət və yerli özünüidarəetmə

orqanları, digər müəssisələrlə münasibətləri

Maddə 14. Poçt rabitəsi obyektlərinin yerləşdirilməsi

14.1. Dövlət hakimiyyəti və bələdiyyə orqanları yaşayış məntəqələrinin, həmçinin yaşayış binalarının layihələşdirilməsi, tikintisi və yenidən qurulması zamanı Milli operatorun poçt obyektlərinin yerləşdirilməsi üçün binaların tikintisini, binalarda yerlərin və ya torpaq sahələrinin ayrılmasını təmin etməlidir.

14.2. Milli operatorun obyektlərinin yerləşdirilməsi üçün torpaq sahələri Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq ayrılır. Avtomobil, dəmiryol stansiyalarında, hava və dəniz limanlarında, poçt mübadilə məntəqələrinin binalarının və qurğularının tikintisi üçün isə torpaq sahələri stansiya və limanların bilavasitə yaxınlığında, digər poçt obyektlərinin tikintisi üçün isə yaşayış məntəqələrinin mərkəzi hissəsində ayrılmalıdır.

14.3. Ünvan qutuları tikinti müəssisələri tərəfindən çoxmərtəbəli binaların birinci mərtəbələrində quraşdırılır. Ünvan qutularının alınması və quraşdırılması xərcləri bu evlərin tikinti xərclərinə daxil edilir.

14.4. Fərdi tikililərdə istifadəçilər poçt göndərişlərini almaq üçün ünvan qutularını öz vəsaitləri hesabına quraşdırırlar.

14.5. Çoxmərtəbəli binalarda yerləşən hüquqi şəxslər binaların birinci mərtəbəsində ünvan qutuları quraşdırır və onların yararlı vəziyyətdə saxlanılmasını təmin edir.

14.6. Mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən poçt rabitəsi operatorları qanunvericilik ilə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə müvafiq tədbirlər keçirilməsi üçün şərait yaratmalı, bu zaman yaranan təşkilati-texniki məsələləri həll etməli və istifadə olunan üsulları gizli saxlamalıdırlar.

Maddə 15. Poçt göndərişlərinə təhlükəsizlik, gömrük və karantin nəzarəti

15.1. Azərbaycan Respublikasının ərazisinə poçt göndərişləri vasitəsi ilə idxal və bu ərazidən ixrac olunan mallara gömrük nəzarəti bu Qanuna və digər qanunvericilik aktlarına uyğun həyata keçirilir.

15.2. Azərbaycan Respublikasının ərazisinə daxil olan və göndərilən poçt göndərişlərinə təhlükəsizlik nəzarəti qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada həyata keçirilir.

15.3. Azərbaycan Respublikası ərazisindən sadə və sifarişli məktublarda gömrük ödənişləri tətbiq edilən əşyaların göndərilməsi qadağandır.

15.4. Poçt rabitəsi operatorlarının xaricə göndərdikləri və oradan aldıqları beynəlxalq poçt göndərişlərinə təhlükəsizlik və gömrük nəzarəti müəyyən olunmuş yerlərdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

15.5. Beynəlxalq poçt göndərişləri ilə göndərilən mallara tətbiq edilən gömrük ödənişləri poçt rabitəsi operatoru tərəfindən alınaraq qanunvericiliklə müəyyən edilən qaydada Azərbaycan Respublikası gömrük orqanlarının hesabına köçürülür.

15.6. Gömrük orqanları tərəfindən beynəlxalq poçt göndərişlərində göndərilən mallara dair qəbul edilən qərarlara görə poçt rabitəsi operatorları cavabdehlik daşımır. Poçt rabitəsi operatorları poçt göndərişlərində sərhəddən keçirilməsi qadağan olunan mallar və əşyalar barədə istifadəçiləri əvvəlcədən məlumatlandırmalıdır.

15.7. Beynəlxalq poçt göndərişlərində göndərilən və karantin nəzarətinə cəlb olunan mallara karantin nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Maddə 16. Poçt rabitəsində nəqliyyat vasitələrindən istifadə

16.1. Milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən nəqliyyat vasitələrinin üzərində milli operatorun emblemi həkk edilir və bu nəqliyyat vasitələri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada operativ nəqliyyat vasitələri hesab edilir.

16.2. Poçt rabitəsi operatorları müqavilə əsasında avtomobil, dəmiryolu, hava, dəniz nəqliyyatı vasitəsilə öz işçilərinin müşayiəti yaxud nəqliyyat müəssisələrinin cavabdehliyinə verilməklə poçtun daşınmasını təşkil edir.

V fəsil

Poçt rabitəsi operatorlarının, istifadəçilərin və vasitəçilərin məsuliyyəti

Maddə 17. Poçt rabitəsi operatorlarının məsuliyyəti

17.1. Poçt rabitəsi operatorları istifadəçilər qarşısında aşağıdakı qaydada maddi məsuliyyət daşıyırlar:

17.1.1. qiyməti bəyan olunmuş poçt göndərişinin itirilməsi, oğurlanması, zədələnməsi və xarab olmasına görə poçt göndərişinin bəyan olunmuş dəyəri həcmində;

17.1.2. qiyməti bəyan olunmuş poçt göndərişinin içərisindəkilərin bir hissəsinin itirildiyi, oğurlandığı zədələndiyi və xarab olduğu halda həmin əşyaların göndəricinin siyahıda göstərdiyi qiymətdən artıq olmamaq şərti ilə dəymiş ziyanın dəyəri miqdarında;

17.1.3. daxili sifarişli poçt göndərişinin və ya adi bağlamanın itirilməsinə, oğurlanmasına, zədələnməsinə və xarab olmasına görə ödənilmiş haqqın 10 misli miqdarında;

17.1.4. daxili sifarişli poçt göndərişinin və ya adi bağlamanın içərisindəkilərin bir hissəsinin itirildiyi, oğurlandığı, zədələndiyi və xarab olduğu halda 17.1.3-cü maddədə göstərilən miqdardan artıq olmamaq şərtilə itən, oğurlanan, zədələnən və xarab olan əşyanın real dəyəri miqdarında;

17.1.5. itirilmiş, oğurlanmış, zədələnmiş və xarab olmuş poçt göndərişinə görə bu Qanunun 17.1.1-ci və 17.1.3-cü maddələrində nəzərdə tutulan kompensasiyalardan əlavə bəyan olunmuş qiymətə görə ödəniş haqqı istisna olmaqla, digər ödəniş haqları miqdarında;

17.1.6. beynəlxalq sifarişli poçt göndərişinin, adi bağlamanın və ya onların içərisindəkilərin bir hissəsinin itirilməsinə, oğurlanmasına, zədələnməsinə və xarab olmasına görə Ümumdünya Poçt İttifaqının aktlarında, qərarlarında və tövsiyyələrində nəzərdə tutulan miqdardan az olmamaqla;

17.1.7. teleqramın mətnində məna dəyişikliyinə səbəb olan təhriflərə yol verilməsinə görə ödəniş haqqının 10 misli miqdarında;

17.1.8. pul baratının ödənilmədiyi və ya qismən ödənildiyinə görə - ödənilməmiş məbləğ miqdarında;

17.1.9. poçt göndərişinin nəzarət-keçid müddətləri üzrə normativlərə riayət edilmədiyi halda ödəniş haqqının məbləğindən artıq olmamaq şərtilə hər gecikdirilən zaman vahidi üçün ödəniş haqqının 10%-i miqdarında;

17.1.10. içərisində sağlamlıq müəssisəsinə yollayış, avia, dəmiryol və digər gediş biletləri olan daxili qiymətli məktubun nəzarət-keçid müddətləri üzrə normativlərə riayət edilməməsi səbəbindən onların istifadə müddətləri keçdiyi halda dəymiş ziyanın real dəyəri (göndərici tərəfindən siyahıda göstərilmiş qiymətdən artıq olmamaq şərtilə) miqdarında.

17.2. Bu Qanunun 17.1-ci maddədə göstərilən kompensasiya və ödəniş haqları göndəriciyə və ya onun yazılı müraciətinə əsasən ünvan sahibinə ödənilir.

17.3. İtirilmiş və ya oğurlanmış poçt göndərişi kompensasiya və ödəniş haqları ödənildikdən sonra tapılarsa, qarşılıqlı razılıq əsasında ödənilmiş kompensasiya və ödəniş haqları geri alındıqdan sonra bu poçt göndərişi 5(beş) iş günü müddətində göndəriciyə və ya ünvan sahibinə verilir.

17.4. Poçt rabitəsi operatorları aşağıdakı hallarda istifadəçilər qarşısında məsuliyyət daşımırlar:

17.4.1. poçt göndərişinin itirilməsi, içərisindəkilərin xarab olması, zədələnməsi və ya çatışmazlığı fors-major hadisəsi nəticəsində baş verdikdə;

17.4.2. poçt göndərişinin işərisindəkilərinin çatışmazlığı, zədələnməsi və ya xarab olması göndərilən əşyaların xüsusiyyətlərindən asılı olaraq baş verdikdə;

17.4.3. poçt göndərişinin və ya onun içərisindəkilərinin bir hissəsinin itirilməsi, oğurlanması, zədələnməsi, xarab olması, poçt göndərişinin gecikdirilməsi hallarında əldə olunmayan gəlirə, dolayı dəymiş ziyana və mənəvi zərərə görə;

17.4.4. ünvan sahibi və ya göndərici poçt göndərişinin qəbuluna dair iltizamnamə verdikdə;

17.4.5. gömrük orqanlarının qəbul etdikləri qərara görə;

17.4.6. məhkəmənin qərarı ilə poçt göndərişinin götürüldüyü, üzərinə həbs qoyulduğu və müsadirə edildiyi hallara görə.

Maddə 18. İstifadəçilərin məsuliyyəti

İstifadəçilər poçt göndərişinin içərisinə qanunvericiliklə göndərilməsi qadağan edilmiş əşyaların qoyulması və ya göndərilən əşyaların lazımi qaydada qablaşdırılmaması nəticəsində digər poçt göndərişlərinin zədələnməsinə və xarab olmasına görə poçt rabitəsi operatorunun istifadəçilər qarşısında daşıdığı maddi məsuliyyət miqdarında məsuliyyət daşıyırlar.

Maddə 19. Poçt rabitəsi vasitəçilərinin məsuliyyəti

Poçt göndərişlərinin daşınmasında vasitəçilik edən hüquqi və ya fiziki şəxslər poçt rabitəsi operatorları qarşısında poçt göndərişlərinin onların təqsiri ucbatından itirilməsinə, oğurlanmasına və ya zədələnməsinə görə poçt operatorlarının istifadəçilər qarşısında daşıdığı maddi məsuliyyət miqdarında məsuliyyət daşıyırlar.

Maddə 20. Poçt göndərişlərindəki yazışmanın, poçt

göndərişlərinə dair məlumatların məxfliyi

20.1. Poçt göndərişlərindəki yazışmanın, poçt göndərişlərinə dair məlumatların məxfiliyi bu Qanunla və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə qorunur.

20.2. Poçt rabitəsi sahəsində işləyən şəxslər poçt göndərişlərindəki yazışmanın, poçt göndərişlərinə dair məlumatların məxfiliyini qorumalıdır.

20.3. Poçt göndərişlərinin üzərinə həbs qoyulması və müsadirə edilməsi müvafiq qanunvericiliklə tənzimlənir.

Maddə 21. İstifadəçilərin hüquqları

21.1. Poçt rabitəsi xidmətlərinin göstərilməsi üzrə öhdəliklər icra edilmədikdə və ya qismən icra olunduqda istifadəçi poçt rabitəsi operatoruna öz iradını bildirmək hüququna malikdir.

21.2. Poçt göndərişinin çatdırılmaması, gecikdirilməsi, oğurlanması, zədələnməsi və itirilməsi ilə bağlı istifadəçinin iradı göndərişin qəbulu günündən keçən 6 (altı) ay ərzində müvafiq poçt rabitəsi operatorunun istənilən poçt məntəqəsinə verilə bilər.

21.3. İstifadəçilərin daxili göndərişlərə dair iradı 15 (on beş) iş günü ərzində, beynəlxalq göndərişlərə görə iradı isə 3 (üç) ay ərzində baxılmalı və qəbul olunan qərar barədə dərhal istifadəçiyə yazılı məlumat verilməlidir.

21.4. İstifadəçinin iradı poçt rabitəsi operatoru tərəfindən təmin olunmadıqda və ya qismən təmin edildikdə, yaxud baxılmasının nəticəsi haqqında vaxtında cavab alınmadıqda istifadəçi iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

Maddə 22. Poçt rabitəsi sahəsində təhlükəsizliyin təmin edilməsi

22.1. Poçt göndərişlərinin, obyektlərinin, işçilərinin və istifadəçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə poçt rabitəsi operatoru qanunvericiliyə uyğun müvafiq tədbirlər həyata keçirir.

22.2. Poçt rabitəsi sahəsində təhlükəsizlik tədbirlərini həyata keçirən şəxslər poçt rabitəsi sahəsində qanunvericiliyin pozulması hallarını araşdırarkən poçtla təmasda olan bütün müəssisələr (hava limanı, dəmir yolu nəqliyyatı, dəniz limanı, avtomobil nəqliyyatı) bu şəxslərə onların fəaliyyəti üçün lazım olan şəraiti təmin etməlidirlər.

VI fəsil

Poçt rabitəsi xidmətləri göstərilməsinin xüsusiyyətləri

Maddə 23. Poçt rabitəsi sahəsində istifadə olunan dil

23.1. Azərbaycan Respublikasının bütün ərazisində poçt rabitəsi operatorları tərəfindən kargüzarlıq qanunvericiliyə uyğun olaraq Azərbaycan dilində aparılır.

23.2. Daxili poçt göndərişlərində ünvanlar və qeydlər Azərbaycan dilində yazılmalıdır.

23.3. Beynəlxalq poçt göndərişləri Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin tələblərinə uyğun tərtib edilir və işlənilir.

23.4. Tranzit ölkələrdə müəyyən çətinliklərin yaranmaması üçün göndərişin ünvanlandığı ölkənin adı Ümumdünya Poçt İttifaqı tərəfindən qəbul olunmuş beynəlxalq dillərin birində yazıla bilər.

Maddə 24. Uçot-hesabat vaxtı

Azərbaycan Respublikasının ərazisində poçt rabitəsi xidmətləri üçün vahid uçot-hesabat vaxtı – Bakı vaxtı tətbiq edilir. Beynəlxalq poçt rabitəsində uçot-hesabat vaxtı Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə əsasən müəyyən edilir.

VII fəsil

Yekun müddəalar

Maddə 25. Poçt rabitəsi sahəsində beynəlxalq əməkdaşlıq

25.1. Poçt rabitəsi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq müqavilələrinə, poçt rabitəsi operatorlarının xarici poçt rabitəsi operatorları ilə bağladığı müqavilələrə müvafiq olaraq həyata keçirilir.

25.2. Poçt rabitəsi sahəsində beynəlxalq layihələrin həyata keçirilməsində iştirak edən Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri xarici hüquqi və fiziki şəxslərlə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müqavilələr bağlaya bilərlər.

25.3. Universal poçt rabitəsi xidmətləri sahəsində beynəlxalq fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir və səlahiyyətləri çərçivəsində digər ölkələrin poçt müdiriyyətləri ilə qarşılıqlı əlaqələr yaradır, beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil edir və maraqlarını qoruyur.

25.4. Azərbaycan Respublikasının poçt rabitəsi üzrə beynəlxalq təşkilatlarda iştirakı ilə bağlı üzvlük haqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən ödənilir.

Maddə 26. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərinin pozulmasına görə hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.

Maddə 27. Mübahisələrin həlli

27.1. Poçt rabitəsi fəaliyyəti ilə bağlı mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.

27.2. Azərbaycan Respublikasının ərazisində və xarici dövlətlərin ərazilərində yerləşən poçt müəssisələri arasında mübahisələr Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi və beynəlxalq müqavilələri ilə nəzərdə tutulmuş qaydada həll olunur.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 29 iyun 2004-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin