POLİMER MATERİALLAR SƏNAYESİNİN İNKİŞAFI ÇOXLU İŞ YERLƏRİ AÇMAĞA İMKAN VERƏR
AzerTAg.az
Bunun üçün layihə gücünün təxminən 30 faizindən istifadə edilən Sumqayıtın neft-kimya müəssisələrində geniş imkanlar vardır.
AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Musa Rüstəmov AZƏRTAC-ın müxbirinə demişdir ki, həmin müəssisələrdə müvafiq qurğular tikməklə ölkəmiz üçün zəruri olan bütün polimer materialları almaq mümkündür.
Polipropilen, polistirol, polivinilxlorid polimerlərindən avtomobil sənayesində, maşınqayırmada, elektrotexnikada, tikintidə, habelə məişətdə geniş tətbiq edilən müxtəlif məmulat hazırlana bilər. Bu məmulatı hazırlayan, ekoloji cəhətdən təmiz istehsal sahələrini, sex və qurğuları respublikamızın müxtəlif bölgələrində yerləşdirmək olar. Bu yolla, bir tərəfdən polimer materiallara tələbat ödənər, onun bir hissəsi xarici bazara çıxarılar, digər tərəfdən isə hazır məhsul satdığımız xammala nisbətən ölkəmizə daha çox gəlir gətirər. Həm də işsizliyin aradan qaldırılması kimi mühüm sosial problem aradan qaldırılar. Xammal satışını məhdudlaşdırmaq, hazır məhsul istehsalına üstünlük verməklə respublikamızın bütün bölgələrində çoxlu iş yerləri açmaq olar.
Xəbərin mətnində orfoqrafik səhv var