SİYASƏT


POLŞANIN AZƏRBAYCANDAKI SƏFİRİ NAXÇIVANDA OLMUŞDUR

Polşanın Bakıdakı səfiri Martsin Navrot aprelin 7-9-da Naxçıvana Muxtar Respublikasında səfərdə olmuşdur. Səfir burada olduğu iki gün ərzində Muxtar Respublikanın görməli yerləri, həmçinin Ordubaddakı tarix-diyarşünaslıq muzeyi, Naxçıvan Dövlət Universiteti ilə tanış olmuş, xalqımızın qəhrəmanlıq rəmzi sayılan Əlincə qalasına baxmış, yüksək səviyyədə görüşlər keçirmişdir. 

Qonaq səfərin yekunları ilə bağlı mətbuat konfransı keçirmişdir. O, Naxçıvana gəlişinin tanışlıq və bir sıra sahələrdə əməkdaşlıq imkanlarını araşdırmaq məqsədi daşıdığını açıqlamış, bu qədim diyardan aldığı təəssüratı jurnalistlərlə bölüşmüş, onların suallarını cavablandırmışdır.

“Şərq qapısı” qəzeti: - Cənab səfir, polyaklar kimi, azərbaycanlılar da azadlıqsevən xalqdır və hər iki xalq öz azadlığı və istiqlaliyyəti uğrunda uzun müddət mübarizə aparmış və buna nail olmuşlar. Siz bu proseslər arasında paralellik görürsünüzmü?

- Bunlar arasında, əlbəttə, bir paralellik vardır. Hər iki xalq öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmışdır. Lakin bu mübarizənin miqyası eyni olmamışdır. Proses isə eyni idi. Bu gün Azərbaycanda gedən proseslər eynilə Polşada da gedir. Lakin bu proseslər arasında fərqlər də çoxdur. Ümumi cəhət isə odur ki, istər Polşada olsun, istərsə də Azərbaycanda, biz Sovet dönəmindən qalan tendensiyalardan, ideologiya buxovlarından qətiyyətlə azad olmalı və yeni həyat quruculuğu işini davam etdirməliyik.

Naxçıvan televiziyası: - Cənab səfir, siz gəlişinizin məqsədini ümumi şəkildə qeyd etdiniz, bəs konkret bir sahəni göstərə bilərsinizmi?

- Bəli, mən dedim ki, Naxçıvana gəlişimizin məqsədi bir sıra sahələrdə əməkdaşlıq imkanlarını araşdırmaqdır. Bu sahədə bir sıra işlər gördük. Lakin yenə də təkrar edirəm: Bütün bunlar tanışlıq, imkanları öyrənmək xarakteri daşıyır. Bu imkanlar təhlil edilib öyrənildikdən sonra konkret sahələrdə əməkdaşlıqdan danışmaq olar.

AZƏRTAC: - Cənab səfir, bildiyiniz kimi, Naxçıvan Muxtar Respublikası 12 ildir ki, Ermənistan tərəfindən blokadada saxlanılır. Polşa hökuməti blokada şəraitində yaşayan Naxçıvana hər hansı bir kömək göstərə bilərmi?

- Biz Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlıq sahələrini dəqiq müəyyən etsək və ayrı-ayrı sahələrdə əməkdaşlığa başlasaq, mən güman edirəm ki, bu çox faydalı bir iş olar. Naxçıvana kömək də bu çərçivədə həyata keçirilə bilər və buna ümidimiz çoxdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.