POLŞA VƏ LİTVA PREZİDENTLƏRİ UKRAYNADA SİYASİ QARŞIDURMANIN ARADAN QALDIRILMASINA DAİR DİALOQU DAVAM ETDİRMƏK ÜÇÜN KİYEVƏ GƏLMİŞLƏR
AzerTAg.az
AZƏRTAC-ın Ukrinformdan aldığı xəbərə görə, Polşa və Litva prezidentləri Aleksandr Kvasnevski və Valdas Adamkus yenidən Kiyevə gəlmişlər. Səfərdən məqsəd Ukraynada yaranmış siyasi qarşıdurmanın nizama salınmasına dair dialoqu davam etdirməkdir.
Polşa və Litva prezidentləri Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Xavyer Solana və Rusiya Dövlət Dumasının sədri Boris Qrızlov ilə birlikdə Ukraynada prezident seçkilərinin ikinci turundan sonra yaranmış böhranlı vəziyyətin aradan qaldırılması yollarını müəyyənləşdirməkdə ölkə siyasətçilərinə yenidən kömək göstərməyə çalışacaqlar.
Xəbər verildiyi kimi, Avropa Birliyində sədrlik edən Niderland qarşıdurmanın bütün tərəflərini noyabrın 26-da keçirilən “dəyirmi masa”da olduğu formatda görüşməyə çağırmışdır. Həmin gün Kiyevdə vəziyyətin nizama salınmasına yönəldilmiş çoxtərəfli danışıqlar aparılmışdı. Danışıqlarda Ukrayna Prezidenti Leonid Kuçma, Ali Radanın sədri Vladimir Litvin, prezidentliyə namizədlər Viktor Yanukoviç və Viktor Yuşşenko, Polşa və Litva prezidentləri Aleksandr Kvasnevski və Valdas Adamkus, AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Xavyer Solana, ATƏT-in baş katibi Yan Kubiş və RF Dövlət Dumasının sədri Boris Qrızlov iştirak etmişdilər.
Xəbərin mətnində orfoqrafik səhv var