RƏSMİ XRONİKA
PREZİDENT HEYDƏR ƏLİYEVİN UĞURLU NEFT STRATEGİYASI NƏTİCƏSİNDƏ QAZANILAN GƏLİRLƏR AZƏRBAYCAN XALQININ RİFAHINA XƏRCLƏNİR
AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEV BİLƏSUVARDA MƏCBURİ KÖÇKÜNLƏR ÜÇÜN SALINMIŞ QƏSƏBƏNİN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR
Azərbaycanın Baş naziri İlham Əliyev mərasimdə iştirak etmişdir. Yol boyu yerləşən kəndlərin sakinləri Baş naziri hərarətlə salamlayırdılar. O, bir neçə yerdə dayanaraq, onlarla səmimi görüşdü, minnətdarlığını bildirdi.
Baş nazir İlham Əliyev yolüstü məcburi köçkünlərin əvvəllər yaşadıqları köhnə çadır şəhərciklərinin yerlərinə baxdı.
Qəsəbənin mərkəzi meydanına toplaşan minlərlə məcburi köçkün Baş naziri mehribanlıqla, hərarətli alqışlarla qarşıladılar.
Onların əllərində Azərbaycanın dövlət bayraqları, Prezident Heydər Əliyevin portretləri, dövlətimizin başçısını və Baş naziri dəstəkləyən şüarlar var idi.
Respublika hökumətinin başçısı Cəbrayıl rayonundan olan Yaqub Ələsgərovun evi ilə tanış oldu, ailəyə televizor və soyuducu hədiyyə etdi. Ailə üzvləri dərin minnətdarlıqlarını bildirərək dedilər ki, çox sağ olun, biz Sizdən çox razıyıq. Bizlərə, evindən-eşiyindən didərgin düşmüş insanlara arxa duran, onlara atalıq qayğısı göstərən hörmətli Prezidentimiz Heydər Əliyevdir. O, bizi heç vaxt yaddan çıxarmamışdır. İndi də Siz onun düzgün yolunu seçmisiniz. Allah Sizə kömək olsun. Bizə yaradılan bu şəraitə görə ömrümüz boyu Sizə duaçı olacağıq və öz sözümüzü oktyabrın 15-də deyərək, ən layiqli namizədimizə səs verəcəyik.
Ümumiyyətlə, burada altı qəsəbə üçün bir o qədər məktəb, digər sosial obyektlər tikilmişdir. Prezident Heydər Əliyevin tapşırığı və göstərişinə əsasən, 2560 ailə üçün müasir, hər cür şəraiti olan evlər inşa olunmuşdur.
Qəsəbə ilə ümumi tanışlıqdan sonra keçirilən mərasimi YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev açdı.