RƏSMİ XRONİKA
PREZİDENT İLHAM ƏLİYEV MİNSK TRAKTOR ZAVODUNDA OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 18-də Minsk traktor zavoduna gəlmişdir.
Milli geyimli qızlar dövlətimizin başçısına gül-çiçək və duz-çörək təqdim etdilər.
Belarus Respublikası Baş nazirinin birinci müavini Vladimir Semaşko, zavodun baş direktoru Aleksandr Puxovoy Prezident İlham Əliyevi səmimiyyətlə qarşıladılar.
Dövlətimizin başçısına məlumat verildi ki, əsası 1946-cı ilin mayın 29-da qoyulan bu zavod kənd təsərrüfatı texnikası istehsalı sahəsində dünyada ən tanınmış müəssisələrdən biridir. Hazırda 20 mindən çox işçisi olan müəssisədə 100 adda məhsul buraxılır və dünyanın 60 ölkəsinə ixrac edilir.
Azərbaycan Prezidenti İlham Əliyev gündə 196 traktor istehsal edən müəssisənin sexlərini gəzdi, istehsal prosesləri ilə tanış oldu.
Sonra dövlətimizin başçısı zavodda istehsal olunan və əsasən kənd təsərrüfatı sahəsində istifadə edilən traktor və texnikadan ibarət sərgiyə baxdı. Prezident İlham Əliyev bu cür texnikanın Azərbaycanda yığılmasının təşkili üçün ölkəmizdə də şəraitin olduğunu vurğuladı və bu məqsədlə lazımi işlərin görülməsinin zəruriliyini söylədi.
Minsk traktor zavodu müxtəlif ölkələrdə onun məhsullarını yığan müəssisələrin təşkilində yaxından iştirak edir. Zavodun məhsullarına Böyük Britaniya, ABŞ, Almaniya, Fransa, Kanada, İtaliya, İsveç və başqa ölkələrdə böyük tələbat vardır.