RƏSMİ XRONİKA
PREZİDENT SARAYINDA RƏSMİ QARŞILANMA
Sarayın həyətindəki rəsmi qarşılanma mərasimlərinin keçirildiyi və hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev Rumıniya Prezidenti Trayan Beseskunu səmimiyyətlə qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Rumıniya Prezidentinə raport verdi.
Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında Rumıniyanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Rumıniya Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Rumıniya Prezidenti Trayan Beseskuya, Rumıniya nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edildi.
Dövlət başçıları Prezident sarayında rəsmi şəkil çəkdirdilər.