DÜNYA
PREZİDENT SEÇKİLƏRİ ƏRƏFƏSİNDƏ ANKARADA SİYASİ GƏRGİNLİK ARTIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 27-də parlamentdə ilk turu keçiriləcək Türkiyənin 11-ci prezidentinin seçkiləri ərəfəsində Ankarada siyasi gərginlik artmaqdadır.
Türkiyənin yeni prezidenti olacağını və millətin bütün siyasi və sosial qurumlarını birləşdirəcəyini bəyan edən Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, Baş nazirin müavini və xarici işlər naziri Abdullah Gül parlamentdə təmsil olunan müxalifət partiyalarının başçıları ilə görüşmüşdür. Doğru Yol Partiyasının sədri Məhmət Ağar və Ana Vətən Partiyasının lideri Ərkan Mumçu bu görüşlərdən sonra keçiriləcək seçkilərin prezident seçkisi deyil, AKP tərəfindən dövlət başçısı təyinatı olacağını əsas gətirərək, növbədənkənar parlament seçkilərini zəruri saydıqlarını bəyan etmişlər.
AKP-nin sədri, Baş nazir Rəcəb Tayyib Ərdoğan isə, buna cavabında partiyasının növbədənkənar parlament seçkilərindən çəkinmədiyini, lakin bu kampaniyaya ehtiyac olmadığını bildirmişdir. Parlamentdə cəmi 1 millət vəkili olan Gənc Partiyanın başçısı Cem Uzan isə Abdullah Gülün görüşmək xahişinə mənfi cavab vermişdir. Buna baxmayaraq, parlamentdəki müstəqil müllət vəkillərinin əksəriyyəti Abdullah Gülün namizədliyini dəstəkləyəcəklərini bəyan etmişlər.
Seçkilər ərəfəsində geniş müzakirə olunan daha bir məsələ yeni prezidentin legitim olması üçün 367 millət vəkilinin səsini toplamağın vacibliyidir. Baş nazir Rəcəb Tayyib Ərdoğan bunun doğru olmadığını, müxalifətdən olan deputatlar isə Abdullah Gülün 367 səs toplamayacağı təqdirdə Konstitusiya Məhkəməsinə müraciət edəcəklərini bildirirlər.
Seçkilər öncəsi Türkiyə parlamentində ən çox təmsilçisi olan müxalifətçi Cümhuriyyət Xalq Partiyasını (CHP) daha bir millət vəkili tərk etmişdir. Millət vəkili İnal Batunun bu partiyadan istefası ilə CHP-nin parlamentdəki deputatlarının sayı 151-ə enmişdir.