İQTİSADİYYAT
PROQNOZLAR ÖZÜNÜ DOĞRULDUR
Kənd Təsərrüfatı Nazirliyi Bitkiçilik, Toxumçuluq və Aqrokimyəvi Xidmət Şöbəsindən AZƏRTAC-ın müxbirinə demişlər ki, vegetasiya dövründə havaların qeyri-sabit keçməsi, xüsusilə Kür-Araz çaylarının daşması nəticəsində bu il əkilmiş 66,7 hektar pambıq sahəsinə güclü ziyan dəymişdir. Ona görə də fermerlər 6 min hektarda təkrar səpin keçirərək, əlavə aqrotexniki tədbirlər görmüşlər. Hazırda yığım mütəşəkkil gedir. Proqnozlara görə, bu il sahələrdən 90 min ton məhsul gözlənilir. Artıq 82 min tona yaxın məhsul tədarük olunmuşdur. Ötən il isə cəmi 80 min 428 ton pambıq istehsal edilmişdi. Yığımda Ağdam, Ağdaş, Füzuli, Saatlı, Neftçala, Beyləqan, Tərtər, Hacıqabul, İmişli, Ağcabədi rayonları irəlidə gedirlər. Ağsu rayonunun pambıqçıları isə proqnoza hələik 2,1 dəfə əməl etmiş, bu günədək emal müəssisələrinə 1150 tona yaxın məhsul təhvil vermişlər.
Ötən illə müqayisədə qazanılmış uğurların başlıca səbəbi bu sahə ilə məşğul olan Səhmdar Cəmiyyətlərinin torpaq mülkiyyətçiləri ilə sıx əməkdaşlığıdır. Onlar bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq, pambıqçı fermerlərlə hər iki tərəfi təmin edən müqavilələlər bağlayır və istehsalçıları avans şəklində toxum materialı, gübrə, pestisidlər, yanacaq, texnika və nəqliyyat vasitələri ilə təmin edirlər. Məhsulun təhvili zamanı qarşılıqlı hesablaşma aparılır.
Dünya bazarında mahlıcın qiymətinin nisbətən artması səhmdar cəmiyyətləri tərəfindən xam pambığın da hər kiloqramının dəyərinin 100-200 manat artırılmasına səbəb olmuşdur.