ELM VƏ TƏHSİL


PUA-lar “Ağıllı şəhər” və “Ağıllı kənd”lərdə mühüm funksiyaları yerinə yetirə bilər

Bakı, 21 iyun, AZƏRTAC

“Ağıllı şəhər” və “Ağıllı kənd” infrastrukturunun qurulması müasirləşmək, irəliyə doğru addımlamaq və inkişaf etmək deməkdir. Gələcək Azərbaycanın qurulması planının reallaşdırılmasında informasiya texnologiyalarının tətbiqi mühüm rol oynayır. Ölkəmizin işğaldan azad edilmiş şəhər və kənd yerlərində dayanıqlı inkişafı təmin etmək üçün informasiya texnologiyalarının tətbiqinin vacibliyi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci il aprel ayının 19-da imzaladığı ““Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyası”nda ön plana çəkilib. İşğaldan azad edilmiş ərazilərdə qurulacaq “Ağıllı şəhər” və “Ağıllı kənd” yerlərində əhalinin həyat rifahının yaxşılaşdırılması üçün göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsində Pilotsuz Uçuş Aparatlarının (PUA) tətbiqi mühüm rol oynayır. PUA-lar “Ağıllı şəhər” və “Ağıllı kənd”lərin mühüm komponentlərindən biridir.

Bu barədə AZƏRTAC-a açıqlamasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Orxan Vəlixanlı bildirib. O qeyd edib ki, tarixi Qarabağ zəfərimizin əldə olunmasında mühüm rol oynayan PUA-lar mülki sahələrdə də geniş perspektivlər vəd edir. Belə ki, son zamanlar PUA-lardan geniş istifadə olunması onları həyatımızın ayrılmaz bir hissəsinə çevirib. PUA-ların yanacaq əvəzinə günəş batareyası enerjisindən istifadə etməsi, çevikliyi, sürəti onun əsas üstünlüklərindən hesab olunur. İşğaldan azad edilmiş ərazilər əsasən dağlıq bölgədə olduğundan adi nəqliyyat vasitələri ilə əhaliyə sosial xidmətlərin göstərilməsi ciddi gecikmələrə səbəb ola bilər. Burada PUA-ların tətbiqi bu problemi aradan qaldırmağa xidmət edəcəkdir. PUA-lar səhiyyədə, kənd təsərrüfatında, dövlət təhlükəsizliyinin təmin edilməsində, fövqəladə hallarda və s. tətbiq olunur. Kənd təsərrüfatında PUA-ların tətbiqi vaxt, maliyyə və əldə olunacaq məhsulun səmərəliliyi baxımından olduqca əlverişlidir. Kənd təsərrüfatında PUA-lar məhsulun keyfiyyətinə nəzarət olunmasında, əkin sahələrində ziyanvericilərin aşkarlanmasında və onlara qarşı dərmanlama prosesinin aparılmasında, əkin sahələrinin gübrələnməsində, drenaj problemlərinin aşkarlanmasında və s. istifadə olunur.

Səhiyyədə PUA-lar xüsusilə dərman ləvazimatlarının tez və asan şəkildə çatdırılmasında istifadə edilir. Son zamanlar təkcə dərman ləvazimatlarının deyil, həm də orqanların tez bir şəkildə çatdırılmasında PUA-lardan istifadəyə başlanılıb.

Təbii fəlakət baş vermiş ərazilərdə insan və nəqliyyatın daxil olmasının mümkün olmadığı yerlərin asanlıqla PUA vasitəsilə müşahidə oluna bilməsi bunun bariz nümunəsidir. PUA-lara bərkidilmiş xüsusi sensorlar və termal kameralarla, hətta gecə vaxtı belə müşahidələr aparmaq və zərərçəkmişləri tapmaq mümkündür. Fövqəladə hallarda, xüsusən yanğın zamanı PUA-ların tətbiqi daha məqsədəuyğundur. Son zamanlar yanğın zamanı təkcə ətrafın müşahidə olunmasında deyil, həmçinin yanğının söndürülməsində də PUA-lardan istifadə olunur.

“Ağıllı şəhər” və “Ağıllı kənd”lərdə təhlükəsizliyin və nəzarətin təmin olunması üçün ictimai ərazilərin monitorinqinın vacib olduğunu deyən O.Vəlixanlı qeyd edib ki, bunu termal və adi kameralar ilə təchiz olunmuş PUA-larla etmək mümkündür. Cinayətkarların, terrorçuların yerinin aşkar olunmasında PUA-lar asan və çevik vasitə sayılır. Həmçinin ictimai ərazilərdə qanunsuz toplaşmaların aşkar olunub, qarşısının alınmasında da PUA-lardan istifadə oluna bilər. İctimai ərazilərə nəzarət zamanı çox vaxt PUA-lara meqafon bərkidilir və qanunun tələblərinə riayət etməyən, ictimai asayişi pozan şəxslərə xəbərdarlıq edilir. Eyni zamanda, qanunsuz ov edilməsi, balıq tutulması, ağacların kəsilməsi kimi əməllərə yol verən şəxslərin aşkarlanmasında da PUA-lardan istifadə edilir.

Yol hərəkətinə nəzarət olunması, nəqliyyatın sıxlığının aşkarlanması, qəza baş verdikdə hadisənin araşdırılması və s. kimi hallarda mövcud köhnə metodların istifadəsi əlverişli deyildir. “Ağıllı şəhər” və “Ağıllı kənd”lərdə sadalanan əməliyyatları PUA-lardan istifadə etməklə daha çevik, sürətli və asanlıqla yerinə yetirmək mümkündür.

Poçt xidmətində, o cümlədən bağlamaların qısa zamanda çatdırılmasında PUA-ların rolu əvəzsizdir. Bağlamaların çatdırılması prosesində nəqliyyatdan istifadə edilir. Bu isə sərf olunacaq yanacaq və vaxta qənaət olunmaması baxımından əlverişsizdir. PUA-lar isə çatdırılmanı tez və avtonom şəkildə etmə qabiliyyətinə malikdirlər. Məhz bu səbəbdən dünyanın bir çox böyük şirkətləri (məsələn, Amazon) bağlamaların çatdırılmasında artıq PUA-lardan istifadə edir.

Müxtəlif sahələr üzrə müşahidələrin aparılması PUA-ların köməyi ilə asanlıqla yerinə yetirilə bilər. Məsələn, telekommunikasiya qüllələrində yaranmış problemlərin ilkin analizi üçün PUA-lardan istifadə əlverişli hesab olunur. Çünki qüllələr çox hündür olduğundan burada insan əməyindən istifadə olunması təhlükəli vəziyyət yarada bilər. Həmçinin PUA-lardan geniş istifadə elektrik, rabitə kimi kommunikasiya xətlərinin monitorinq edilməsində vaxt və maliyyə baxımından əlverişlidir. Eyni zamanda, gələcəkdə inşaat aparılacaq yerlərin relyefinin öyrənilməsi, xəritəsinin çıxarılması PUA-ların köməyi ilə daha asan və ucuz başa gələcəkdir.

Pandemiyanın dünyanı öz cənginə aldığı bir vaxtda onunla mübarizədə PUA-ların cəlb olunması vacibdir. PUA-larda tətbiq edilmiş sensor və xüsusi alqoritmlərin köməyi ilə havadan hərarətin, ürək döyüntüsünün, öskürəyin, nəfəsalma dərəcəsinin monitorinqini aparmaq artıq mümkün hala çevrilib. Bu isə öz növbəsində virusa yoluxmuş sakinlərin tez bir şəkildə aşkarlanmasına imkan verir. Bununla yanaşı, əhalinin sıx şəkildə yaşadığı küçələrin, yolların PUA-lardan istifadə edilərək dezinfeksiya olunması pandemiya ilə mübarizədə böyük bir addımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.