REGİONLAR
Padarçöl adlanan ərazidə 10 min hektar sahədə suvarma layihəsinin icrası yekunlaşır
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə ərzaq təhlükəsizliyinin və ixrac potensialının artırılmasının təmin edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Hacıqabul və Şamaxı rayonlarında, Padarçöl adlanan ərazidə 10 min hektar sahədə suvarma layihəsinin icrası yekunlaşmaq üzrədir.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ASC-nin sifarişi ilə icra olunan layihəyə əsasən, əkin sahələrinin suvarılması Hacıqabul rayonunun Talış kəndi yaxınlığında yerləşən Kür sutəmizləyici qurğularının imkanları hesabına aparılacaq. Bu məqsədlə su mənbəyindən Padarçöl ərazisinə ümumi uzunluğu 27,5 kilometr olan 2 ədəd magistral su xəttinin tikintisi layihələndirilib. 1400 millimetr diametrli polad borulardan ibarət xəttin artıq 26 kilometrlik hissəsi tikilib. İşlərin intensiv qaydada aparılması məqsədilə tikinti-quraşdırma işləri bir neçə nöqtədə paralel olaraq həyata keçirilib. Magistral xəttin Bakı-Tbilisi dəmir yolu və Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolu ilə kəsişdiyi yerlərdə nəqliyyat vasitələrinin intensiv hərəkətini təmin etmək üçün avtomobil və dəmir yollarının yatağında xüsusi tunelqazma maşınları vasitəsilə mikrotunellər inşa edilib. Magistral kəmərdə suyun tənzimlənməsi və idarə olunması məqsədilə 16 vantuz, 12 siyirtmə, 18 təxliyə xətti quraşdırılıb.
Bu kəmər vasitəsilə su Padarçöl ərazisində relyef baxımından yüksəklikdə yerləşən anbarlara vurulacaq. Hazırda anbar sahəsində hər birinin tutumu 25 min kubmetr olan 2 ədəd açıq tipli su anbarı inşa olunur. Magistral xəttə suyun vurulması məqsədilə hazırda Kür sutəmizləyici qurğular kompleksində mexaniki avadanlıqların istismar vəziyyətinin yoxlanması və enerji təchizatının yaxşılaşdırılması işləri də aparılır.
Qeyd edək ki, “Azərsu” ASC Hacıqabul və Şamaxı rayonları ilə yanaşı, Zərdab rayonunda da suvarma layihəsi həyata keçirib. Bu məqsədlə Kür çayının sahilində məhsuldarlığı saniyədə 3 kubmetr olan sugötürücü qurğu, nasos stansiyası, diametri 1400 millimetr olan 15 kilometr magistral kəmər inşa edilib. Layihə üzrə işlər 2017-ci ilin iyun ayında başa çatdırılıb.