MƏDƏNİYYƏT
Paestumda Azərbaycan gecəsi VİDEO
İtaliyanın Paestum şəhərində “XVII Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası”nda ölkəmizin xüsusi qonaq qismində iştirakı ilə bağlı Azərbaycan gecəsi keçirilib.
Yarmarkanın təsisçisi və icraçı direktoru Uqo Pikarellini gecədə çıxış edərək bildirib ki, tədbirdə Azərbaycanın xüsusi qonaq qismində iştirak etməsi bu ölkənin zəngin mədəni irsə, qədim tarixə malik olması və dünya mədəniyyətinə töhfələr verməsi ilə əlaqədardır.
Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev qeyd edib ki, yarmarka çərçivəsində iştirakçılar qismən də olsa ölkəmizin mədəni irsi ilə tanış olmaq imkanı əldə etdilər. Bugünkü Azərbaycan gecəsində isə ölkəmizin zəngin mədəniyyətinin, musiqisinin, milli mətbəxinin özəl nümunələri təqdim olunacaq. Ümid edirəm ki, bu tədbir vasitəsilə iştirakçılara qədim tarixə malik olan Odlar Yurdu Azərbaycanın ruhunu hiss etdirə biləcəyik.
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov bildirib ki, ölkələrimizin getdikcə genişlənən münasibətləri bir çox sahələrdə müsbət nəticələr əldə etməyə imkan yaradır. Xüsusilə son illərdə mədəni əməkdaşlığımız sürətlə inkişaf edir. Qarşılıqlı olaraq birgə layihələrin həyata keçirilməsi bu baxımdan vacib addımdır. İkitərəfli əlaqələrin bundan sonra daha da dərinləşdirilməsi üçün geniş imkanlar var.
UNESCO-nun baş direktorunun xüsusi müşaviri Munir Buşenaki, Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, Paestumun meri İtalo Voza və başqaları Azərbaycanda son illərdə əldə olunan uğurlardan, ölkəmizin zəngin mədəni irsi və qədim tarixindən danışıblar. Qeyd olunub ki, belə bir tədbirin təşkili Azərbaycan ilə daha yaxından tanış olmaq üçün gözəl imkan yaradır.
Sonra V.Əliyevə Azərbaycanın yarmarkada xüsusi qonaq qismində iştirakı ilə bağlı plaket təqdim edildi.
Sonra Azərbaycan Dövlət mahnı və rəqs ansamblının kollektivinin, məşhur caz ifaçısı Elçin Şirinov və qrupunun konsert proqramı olub. Gecənin iştirakçıları Azərbaycan Milli Kulinariya Assosiasiyasının kulinarları tərəfindən hazırlanan ləziz təamlarımıza qonaq ediliblər.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Paestum