DÜNYA


Pahanq ştatının sultanı Abdulla Malayziyanın yeni Kralı seçilib

Tokio, 24 yanvar, AZƏRTAC 

Yanvarın 24-də Pahanq ştatının vəliəhd-hakimi sultan Abdulla Riayyatuddin Əl-Mustafa Billah Malayziyanın müstəqillik illərində XVI Kralı seçilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Bernama agentliyi ölkənin Kral möhürünün mühafizəçisinə istinadla xəbər yayıb.

Yeni Kralın seçkisi Kuala Lumpurda Malayziya Hakimlər Şurasının Trenqannu ştatının sultanı Mizan Zeynal Abidinin sədrliyi ilə keçirilən iclasında baş tutub.

Konstitusiyaya əsasən, Malayziya Kralı ölkənin doqquz ştatının ənənəvi vəliəhd-hakimləri tərəfindən doqquz vəliəhd-sultan arasından 5 il müddətinə seçilir. Böyük Britaniya tərəfindən müstəmləkəyə çevrilənədək Malayziya vahid dövlət olmayıb. Hər bir malay sultanlığına məxsusi kral ailəsi rəhbərlik edib. Britaniya hakimiyyəti illərində sultanlar öz statuslarını və qismən öz hakimiyyətlərini saxlayıblar.

Malayziya müstəqillik əldə etdikdən sonra ölkədə beşillik rotasiya ilə vəliəhd sultanların seçildiyi Ali rəhbər və ya Kral vəzifəsi təsis edilib. Müstəqilliyin əldə edilməsindən sonra Malayziyanın XV Kralı seçilən V Məhəmməd dövlət başçısı vəzifəsini yalnız iki il həyata keçirə bilib. 2019-cu il yanvarın 6-da o, gözlənilməz şəkildə ümummilli taxtdan imtina edərək istefa verib və yalnız Kelantan ştatının vəliəhd-hakimi statusunu saxlayıb. İstefanın səbəbi kimi, monarxın əhalinin rifahının sürətlə aşağı düşdüyü doğma ştatda daimi yaşaması zərurəti göstərilib.

Ötən ilin sonlarında V Məhəmməd Rusiya gözəli Oksana Voyevodina ilə ailə həyatı qurub.

Malayziyanın yeni Kralı Abdullanın 59 yaşı var. Onun yaxşı idmançı və milli idman proqramlarının sponsoru, o cümlədən Malay Futbol Federasiyasının prezidenti və FIFA idarə heyətinin üzvü olduğu bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.