İDMAN


Pakistan 2020-ci ildə gənclər arasında keçiriləcək çempionatda iştirakdan imtina edib

Bakı, 7 mart, AZƏRTAC

2020-ci yanvarın 8-dən 26-dək Tailandda gənclər arasında futbol üzrə Asiya çempionatı (U23) keçiriləcək. Çempionatın seçim raundu bu il martın sonlarında Daşkənddə keçirilməlidir.

AZƏRTAC RİA Novostiyə istinadla xəbər verir ki, Özbəkistan Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətinin cümə günü verdiyi məlumata görə, Pakistan yığması bu raundda iştirakdan imtina edib.

Özbəkistan MOK-un mətbuat xidmətinin məlumatında göstərilir ki, “F” seçim qrupuna Hindistan, Pakistan, Tacikistan və Özbəkistan yığmaları daxil edilib. Matçlar martın 22-dən 26-dək Daşkənddəki “Paxtakor” stadionunda keçiriləcək.

Gənclər arasında futbol üzrə növbəti Asiya çempionatında ilk üç yeri tutan komandalar avtomatik olaraq 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya oyunlarına vəsiqə alacaqlar.

Özbəkistan Milli Olimpiya Komitəsinin məlumatında deyilir: “Pakistanın olimpiya yığması qarşıdakı seçim raundunda iştirakdan imtina edib. Beləliklə, “F” qrupunda Asiya çempionatına vəsiqə uğrunda yalnız üç komanda mübarizə aparacaq”.

Görünür, Pakistan yığmasının seçim raundunda iştirakdan imtina etməsi son günlərdə Pakistan ilə Hindistan arasında vəziyyətin gərginləməsi ilə bağlıdır.

Son həftələrdə Hindistan-Pakistan münasibətlərində gərginlik kəskinləşib. Buna səbəb fevralın 14-də Hindistanın Cammu-Kəşmir ştatında bir nəfər intiharçının hərbi polis dəstəsinin yanında özünü partlatması olub. 45 nəfərin həlak olması ilə nəticələnmiş həmin terror hücumundan sonra iki qonşu ölkənin münasibətlərində böhranlı vəziyyət yaranıb. Tərəflər bir-birinə aviasiya zərbələri endirib, hərbi əməliyyatlara başlamağa hazır olduqlarını bildirib, regionda vəziyyət yenidən müharibə həddinə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.