SİYASƏT


Pakistan-Azərbaycan hərbi əməkdaşlığı və Cənubi Qafqazda endşpil

Bakı, 4 iyul, AZƏRTAC

Sürətlə dəyişən geosiyasi və geostrateji tendensiyalar bir çox ölkələri təhlükəsizlik və suverenlik baxımından strateji tərəfdaşlıq qurmağa sövq edir. Üstəlik, davam edən Rusiya-Ukrayna münaqişəsi kollektiv təhlükəsizlik sipərinin formalaşdırılması perspektivlərini daha da artırıb. Bu baxımdan Azərbaycan, Pakistan və Türkiyə tədricən bu istiqamətdə əməkdaşlığı inkişaf etdirir. Üç ölkə arasında dialoq artıq strateji xarakter daşıyır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Pakistanda yayımlanan “National Herald Tribune” qəzetində dərc olunan “Pakistan-Azərbaycan hərbi əməkdaşlığı və Cənubi Qafqazda endşpil” mövzusunda məqalədə yer alıb.

Cənubi Asiya və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSAIS) direktoru, Azərbaycan və Cənubi Qafqaz regionu üzrə ekspert Mehmud Ul Hassan Xanın müəllifi olduğu məqalədə Azərbaycan Ordusunun modernləşdirilməsi istiqamətində son dövrlərdə həyata keçirilən islahatlardan, bu sahədə uğurla davam etdirilən Azərbaycan-Pakistan əməkdaşlığından söz açılıb.

Müəllif 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Ordumuzun birlik, birləşmə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində bir sıra tədbirlərin keçirildiyini, o cümlədən Kəlbəcər rayonunda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələrin daha bir komando hərbi hissəsinin açılışı olduğunu xatırladıb. Qeyd edib ki, iki strateji tərəfdaş - Pakistan ilə Azərbaycan arasında hərbi əməkdaşlıq geniş vüsət alır. İyunun 29-da Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı aviasiya marşalı Zahir Ahmed Baber Sidhu Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb. Tərəflər hərbi əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar. Görünən odur ki, Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı general Qamar Caved Bacvanın səfərindən sonra Pakistan ilə Azərbaycan arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri daha intensivləşib və nizama salınıb. Həmin səfər ikitərəfli münasibətlərdə yeni yanaşmaların tətbiqini sübut etdi. Bu, ikitərəfli əlaqələrin iqtisadiyyatın müxtəlif sektorlarında, siyasət, investisiyalar, ərzaq, enerji, hərbi, birgə təlimlər, dəniz və hava qüvvələri sahələrində əməkdaşlıq baxımından daha da möhkəmlənəcəyini deməyə əsas verir.

Yazıda bildirilib ki, strateji müttəfiqlər olan Pakistan və Azərbaycan ortaq tarixə, mədəniyyətə və dini dəyərlərə malikdirlər. İki ölkə arasında əlaqələr Azərbaycan müstəqilliyinin bərpasından sonra iqtisadi, müdafiə, siyasi və diplomatik əməkdaşlığı əhatə edib. Azərbaycan ilə Pakistan arasında hərbi və müdafiə sahələrində əlaqələr yüksək səviyyəli görüşlər, işçi qrupları və hər iki dövlətin müvafiq qurumları arasında digər oxşar qarşılıqlı fəaliyyətlər şəklində davamlı dialoqla ifadə olunur. Pakistanın Hərbi Hava Qüvvələrinin komandanının Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlərdə iki ölkənin xalqları arasında tarixən dostluq əlaqələrinin mövcud olduğu vurğulanıb, Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunub. Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana səfərindən böyük məmnunluq duyduğunu bildirib və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində bu cür görüşlərin keçirilməsinin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Məqalədə Pakistanın Türkiyədən “Bayraktar TB-2” silahlı pilotsuz uçuş aparatları almaq niyyətində olduğu vurğulanıb, Azərbaycanla, xüsusilə müdafiə sahəsində uğurlu ikitərəfli əməkdaşlığın daha da dərinləşdirmək niyyəti qeyd edilib.

Bildirilib ki, Azərbaycanla Pakistan arasında güclü hərbi-siyasi əlaqələr mövcuddur. Bununla belə, əməkdaşlıq artıq ənənəyə çevrilən şəxsi heyətin təlimləri, ümumi hərbi təlimlər, qarşılıqlı səfərlər və müzakirələrdən başqa da təkmilləşdirilməli və sistemləşdirilməlidir. Hər iki ölkənin hərbi əməkdaşlığının təhlili göstərir ki, Azərbaycan 2007-ci ildən etibarən Pakistandan JF-17 çoxməqsədli qırıcılarının, digər hərbi avadanlığın alınmasına maraq göstərir. Buna görə də hərbi əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə hər iki ölkə üçün hərtərəfli yol xəritəsinin hazırlanması strateji və iqtisadi baxımdan vacibdir.

“Azərbaycan ən müasir döyüş təyyarəsi olan “JF-17 Thunder Block-III” qırıcılarına da böyük maraq göstərib. Yüngül çəkiyə malik çoxməqsədli qırıcı təyyarə ən müasir radar sistemi, silahlar, elektron qurğular, yeni modelli mühərrik və s. ilə təchiz edilib. Bu təyyarələr yeni və böyük holoqrafik geniş bucaqlı baş ekranı, inteqrasiya olunmuş kokpit displeyi, təkmil infraqırmızı raket yaxınlaşması xəbərdarlığı sistemi kimi müasir texnologiyalara malikdir. Beləliklə, “JF-17 Thunder”ın əldə edilməsi Azərbaycanın hava hücumundan müdafiəsini və hava üstünlüyünü daha da təkmilləşdirəcək ki, bu da ağıllı lal bombalara, hətta nüvə arsenalını daşıya bilən raketlərə malik zərbə və hücum missiyaları üçün istifadə oluna bilər”, - deyə müəllif vurğulayıb.

Məqalədə bildirilib ki, “JF-17 Blok-III”ün nəzərəçarpan xüsusiyyətləri üstün vəziyyət, döyüş imkanları, “PL-15” raketi, yüksək yanacaq tutumu, müasir RD-33 MK mühərriki, təkmil aktiv radar sistemi ilə təchiz edilməsidir. Bu təyyarəni daha bir özəlliyi digər ölkələrdə istehsal olunan analoji qırıcılardan ən azı iki dəfə ucuz olmasıdır.

Həmçinin qeyd olunub ki, iki ölkə arasında siyasi iradəni möhkəmləndirə biləcək ikitərəfli sazişdə gələcək strateji hərbi əməkdaşlığı bir daha qeyd etmək məqsədəmüvafiq olardı. İşçi qruplar arasında illik müntəzəm görüşlər hərbi və müdafiə sahəsində əməkdaşlıq üzrə birgə komitəyə təhlükəsizlik məsələlərinə dair bütün məsələləri, təklif olunan ikitərəfli hərbi əməkdaşlıq sazişinin strateji müddəalarını nəzərdən keçirməyə imkanı yaradır. Beləliklə, Cənubi Qafqazda yeni siyasi mərhələyə – yeni endşpilə start verilib. Bu mərhələdə Azərbaycan öz maraqlarını qorumaq üçün daha praqmatik siyasət yürüdür, Ordusunun taktiki hazırlığını artırır, hərbi cəhətdən modernləşməni davam etdirir. Azərbaycan bu istiqamətdə Türkiyə ilə yanaşı, Pakistanla da hərbi əməkdaşlığı uğurla genişləndirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.