CƏMİYYƏT


Pakistan hər zaman Azərbaycanı dəstəkləyir

Bakı, 29 oktyabr, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Bilal Haye ilə görüşüb.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, Xidmət rəisi Vüsal Hüseynov səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib. V.Hüseynov Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində dost ölkənin hər zaman Azərbaycanın yanında olmasının xalqımız tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Xidmət rəisi bu günlərdə Peşəvərdəki mədrəsədə baş verən terror aktı ilə əlaqədar günahsız insanların öldürülməsi və yaralanması ilə bağlı səfirə dərin hüznlə başsağlığı verib. Bildirib ki, hazırda Ermənistanın terror və işğalçılıq siyasətinə qarşı haqq mübarizəsi aparan Azərbaycan dövləti hər zaman sülhün və əmin-amanlığın tərəfində olub. Lakin beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsiz yanaşan Ermənistan dövləti bu gün də cinayət tərkibli çirkin əməllərindən əl çəkmir. Bu günədək bədxah qonşularımız Gəncə, Bərdə şəhərlərində, bir çox yaşayış məntəqələrində mülki əhaliyə qarşı terror aktları həyata keçirib. Dinc sakinlərə qarşı raket artilleriyası hücumları nəticəsində indiyədək ümumilikdə 92 nəfər qətlə yetirilib, 380 nəfər isə yaralanıb. Vüsal Hüseynov, həmçinin diqqətə çatdırıb ki, Bərdədə törədilən növbəti terror nəticəsində 21 dinc sakin həlak olub, 70-ə yaxını yaralanıb. Bu fakt bir daha sübut edir ki, döyüş meydanında mövqelərini itirən Ermənistan ordusu çıxış yolunu yalnız mülki əhaliyə qarşı yönəlmiş cinayətdə görür.

Xidmət rəisi DMX-nin fəaliyyət istiqamətləri və pandemiyanın ilk günlərindən əcnəbilərə göstərilən elektron xidmətlər barədə də ətraflı məlumat verib.

Səfir Bilal Haye səmimi qarşılanmaya görə təşəkkürünü bildirib. Ölkəsinin hər zaman Azərbaycanı dəstəklədiyini və qarşılıqlı əlaqələrin bundan sonra da inkişafı istiqamətində mühüm addımların atıldığını qeyd edib. Pakistanın daim qardaş ölkə Azərbaycanın yanında olduğunu bildirib.

Sonda Azərbaycan ilə Pakistan arasında miqrasiya sahəsində gələcək əməkdaşlığın perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.