SİYASƏT


Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib

İslamabad, 20 avqust, AZƏRTAC

Pakistanda nəşr olunan “Pakistan in the world” jurnalında və internet səhifəsində “Azərbaycan: İnkişaf və harmoniya ölkəsi”, eyni zamanda, Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadənin müəllifi olduğu “Azərbaycan – Müsəlman Şərqində ilk parlamentli demokratiya” sərlövhəli məqalələr dərc edilib.

AZƏRTAC xəbər verir ki, jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzularının məntiqi nəticəsi olaraq, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi, bununla da azadlıq mübarizəsinin öz kulminasiya nöqtəsinə çatdığı qeyd olunur.

Yazıda Cümhuriyyətin fəal xarici siyasət xətti yeridərək, xarici ölkələrlə ikitərəfli əlaqələr qurmaqla yanaşı, beynəlxalq səviyyədə tanınma istiqamətində də önəmli diplomatik fəaliyyət həyata keçirdiyi vurğulanır. Məqalədə 1991-ci ildə vətənpərvərlik, milli və mənəvi dəyərlər əsasında yenidən öz müstəqilliyini əldə edən Azərbaycan Respublikasının özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdiyi diqqətə çatdırılır. Bildirilir ki, 1993-cü ildə Prezident seçilən Heydər Əliyevin rəhbərliyi altında ölkədə siyasi və iqtisadi sabitlik bərqərar olub, həmçinin ictimai həyatın müxtəlif istiqamətlərində, eləcə də insan hüquqları və demokratiya sahəsində inkişaf mərhələsi başlayıb. Ulu Öndərin rəhbərliyi ilə xarici siyasət xətti qlobal və regional gerçəkliklərə uyğun yenidən qurulub, buna görə də indi Azərbaycan bütün beynəlxalq platformalarda öz mövqeyini qətiyyətlə müdafiə edir. Heydər Əliyevin həyata keçirdiyi səmərəli iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatının durumu nəzərəçarpacaq dərəcədə dirçəlib.

Məqalədə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda siyasi, iqtisadi və sosial islahatların davam etdirilərək genişləndiyi, onun rəhbərliyi altında mühüm uğurlara imza atıldığı bildirilir. Yazıda Azərbaycanın geostrateji potensialına da toxunulur. Vurğulanır ki, Avropanın cənub-şərq sərhədlərində yerləşən Azərbaycan Avropa ilə Asiya arasında təbii körpü rolunu oynayır. Regionda ən böyük hava və dəniz limanı, habelə dəmir yolu xətti ilə Xəzər hövzəsi üçün logistik qovşağı olan Azərbaycan Transxəzər Şərq-Qərb Dəhlizi layihəsi vasitəsi ilə Çin və Avropanın 2 qlobal iqtisadi əlaqəsini təmin edir.

Məqalədə Azərbaycan dövlətinin həyata keçirdiyi yeni turizm və viza siyasəti barədə oxuculara məlumat verilir. Həmçinin Azərbaycanda İslam dəyərlərinin dirçəldilməsinə böyük əhəmiyyət verildiyi, minlərlə məscidin tikildiyi və ya bərpa edildiyi qeyd olunur.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən də bəhs olunur. Bildirilir ki, münaqişə nəticəsində Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ və 7 ətraf rayon ermənilər tərəfindən işğal olunub. BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində (822, 853, 874,884) Ermənistanın işğal etdiyi torpaqlardan geri çəkilməsi, məcburi köçkünlərin öz doğma evlərinə qayıtması tələb edilir. Buna baxmayaraq, Ermənistan beynəlxalq hüququn tələblərinə məhəl qoymur və işğalçılıq siyasətini davam etdirir.

“Azərbaycan – Müsəlman Şərqində ilk parlamentli demokratiya” sərlövhəli məqalədə isə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 1919-cu il iyulun 9-da Azərbaycanın ilk Xarici İşlər Nazirliyinin rəsmi olaraq təsis olunması haqqında məlumat verilir. Yazıda müasir Azərbaycanın Cümhuriyyətin varisi kimi müstəqilliyini bərpa etdikdən sonra müəyyən çətinliklərdən, sınaqlardan şərəflə keçməsindən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən və Azərbaycan diplomatiyasının 100 illik yubileyindən bəhs olunur.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.