REGİONLAR
Pakistan saytı Naxçıvandan yazır: Nuhun mirası
Naxçıvan, 4 aprel, AZƏRTAC
Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı Huma Kəşfin Naxçıvandan bəhs edən “Azərbaycanın Naxçıvan Muxtar Respublikası: Nuhun Mirası” məqaləsi www.cgss.com.pk saytında dərc olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, məqalədə muxtar respublikanın tarixi, coğrafi mövqeyi haqqında oxucusuna məlumat verən tədqiqatçı hələ qədim dövrlərdən bəri Azərbaycan torpağı olan Naxçıvanın ölkənin dövlətçilik ənənələrinə mühüm töhfələr verdiyini vurğulayıb.
Tədqiqatçı yazıb ki, Naxçıvan qədim insan məskənləri, tarixi yerləri, möhtəşəm qalaları, bənzərsiz abidələri, antik və orta əsrlərə aid nadir memarlıq nümunələri ilə məşhur məkandır. Muxtar respublikanın geostrateji mövqeyi, əlverişli iqlimi, fauna və florası, mədəni irsi və zəngin turizm potensialı dünyanın bütün bölgələrində yaşayan insanların Naxçıvan diyarına gəlməsinə şərait yaradır.
Məqalədə müqəddəs “Qurani-Kərim”də yer alan Əshabi-Kəhf ziyarətgahının, Nuh Peyğəmbərin məzarüstü türbəsinin, Yusif Küseyiroğlu türbəsinin, Möminə xatın türbəsinin tarixi və memarlıq xüsusiyyətlərindən heyranlıqla bəhs edən müəllif buranın yerli və əcnəbi turistlər tərəfindən ziyarət olunduğunu bildirib.
Məqalədə, həmçinin Qarabağlar Türbə Kompleksi, Gülüstan türbəsi, “Xanəgah” Abidə Kompleksi, Gəmiqaya, Xan sarayı, “Came” məscidi və Ordubad hamamı barədə də məlumat verilir.