SİYASƏT


Pakistan universitetlərində “Azərbaycanın Vətən müharibəsi” mövzusunda mühazirə oxunub

İslamabad, 26 noyabr, AZƏRTAC

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin Pəncab Universitetinin vitse-kansleri Niaz Əhməd Aktar və Lahor Universitetinin İdarə Heyətinin sədri Avais Rauf ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş zamanı Azərbaycan və Pakistan arasındakı səmimi münasibətlərdən söhbət açılıb, iki ölkənin bir-birini həm ikitərəfli, həm də beynəlxalq müstəvidə dəstəklədiyi vurğulanıb. Ölkələrimiz arasındakı münasibətlərin bugünkü vəziyyəti müzakirə olunub, eləcə də universitetlərarası əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən bəhs edilib və müəllim-tələbə heyətlərinin mübadiləsi barədə danışılıb.

Görüşlərdən sonra səfir Xəzər Fərhadov tərəfindən bu iki universitetin tələbələrinə “Azərbaycan–Pakistan münasibətləri”, “Azərbaycanın Vətən müharibəsi” və “Azərbaycanın dahi şairi Nizami Gəncəvi” mövzularında mühazirələr oxunub.

X.Fərhadov Azərbaycan və Pakistan münasibətlərinin tarixi kökləri, eləcə də cari vəziyyəti haqqında geniş məlumat verib və Vətən müharibəsindən söz açıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin 30 il erməni işğalı altında olan əzəli torpaqlarını azad etdiyini diqqətə çatdırıb, 44 günlük Vətən müharibəsi dövründə Pakistanın siyasi və mənəvi dəstəyini qeyd edib. O, göstərilən bu dəstəyə görə Pakistan Hökumətinə və xalqına təşəkkürünü bildirib.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edildiyini bildirib və bu il Azərbaycanda dahi şairin 880 illik yubileyinin qeyd olunduğunu söyləyib. X.Fərhadov Azərbaycanın böyük mütəfəkkir şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında ətraflı söhbət açıb, şairin Azərbaycan və dünya ədəbiyyatına verdiyi töhfələrdən danışıb.

Mühazirələr zamanı tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb, 44 günlük Vətən müharibəsinə həsr olunan videoçarx nümayiş etdirilib. Sonra Azərbaycanın tarixini, mədəniyyətini, iqtisadiyyatını və turizm potensialını, həmçinin Vətən müharibəsini özündə əks etdirən müxtəlif kitablar, bukletlər və digər əyani materiallar universitetlərin kitabxanalarına hədiyyə olunub.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.