DÜNYA
Pakistanda Basant festivalı zamanı 2 nəfər ölüb, 140 adam yaralanıb
Bakı, 23 fevral, AZƏRTAC
Pakistanda Basant (“Hava ilanı”) festivalı zamanı 2 nəfər ölüb, 140 adam yaralanıb. Həlak olanların biri qadın, digəri isə 5 yaşında uşaqdır.
AZƏRTAC Pakistanın “Dawn” saytına istinadla xəbər verir ki, Ravalpindi rayonunun Sadiqabad qarnizonu ərazisində baharın gəlişi münasibətilə keçirilən Basant şənliklərində qazla dolu çərpələnglər alışıb və onların alovlanmış parçaları evlərin damlarına çıxmış insanların üzərinə səpələnib. Bayram günlərində ölkənin bir çox şəhərlərində küçələrdə açılan atəş nəticəsində yaralananlar var.
Yanıq xəsarətləri və güllə yarası almış insanlar paytaxt İslamabaddakı Benəzir Bhutto Hospitalına və daha üç xəstəxanaya çatdırılıb.
Yerli sakinlər bildiriblər ki, hökumət Hindistan, Banqladeş və digər ölkələrdə də keçirilən bu bayramın Pakistanda keçirilməsini qadağan etsə də, bir çox şəhərlərdə elektrik enerjisinin verilməsində fasilə yarandığı vaxt qaranlıqdan istifadə edən sakinlər çərpələngləri havaya buraxıb və odlu silahlardan atəş açmağa başlayıblar.
Polis qəza ilə bağlı təhqiqata başlayıb.
Xatırladaq ki, 2007-ci ildə Basant şənlikləri zamanı çoxsaylı insan tələfatından sonra Pakistanda bu bayramın keçirilməsi qadağan edilib, lakin 2012-ci ildə Pəncab əyalətində bu qadağa qaldırılıb.