QAN YADDAŞI
Pakistanda “Xocalı soyqırımı-günahsız qurbanlar üçün ədalət axtarışında” adlı seminar keçirilmişdir VİDEO
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Pakistanın Preston Universitetində Xocalı faciəsinin 22-ci ildönümünə həsr edilmiş “Xocalı soyqırımı-günahsız qurbanlar üçün ədalət axtarışında” adlı seminar keçirilmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Pakistanın tanınmış ictimai-siyasi xadimləri, aparıcı universitetlərin rektorları və professorları, Türkiyə, Bosniya və Herseqovina, o cümlədən Mərkəzi Asiya respublikalarının səfirləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Preston Universitetinin rektoru Əbdül Basit, müxtəlif dövrlərdə ticarət, enerji naziri və Senatın xarici əlaqələr komitəsinin sədri vəzifələrində çalışmış Səlim Seyfulla Xan, daxili işlər üzrə dövlət naziri və senatoru olmuş Şahzad Vasim, ABŞ-ın Con Hopkins Universitetinin professoru, Qafqaz üzrə ekspert Aftab Kazi və Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti Asif Nur tədbirdə çıxış etmişlər.
Çıxışlarda Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində mülkü əhaliyə qarşı törədilmiş soyqırımının Dağlıq Qarabağ münaqişəsinin ən qanlı və faciəli səhifəsi olduğu qeyd edilmişdir. Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanın Pakistan tərəfindən dövlət kimi tanınmadığı vurğulanmışdır. Pakistan Senatında Xocalı soyqırımını tanıyan qətnamənin qəbul edildiyi bildirilmişdir. ATƏT-in Minsk qrupunun fəaliyyəti, regionda son zamanlar gedən proseslər, qüvvələr balansının həm siyasi, həm də hərbi nöqteyi-nəzərdən Azərbaycanın xeyrinə dəyişdiyi qeyd olunmuşdur.
Tədbirin sonunda Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov çıxış edərək, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı haqqında geniş məlumat vermişdir.
Seminarın rəsmi hissəsindən sonra səfir Daşqın Şikarov Pakistan və Türkiyə KİV-lərinə müsahibə vermişdir. Səfir bu cinayətin təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədildiyini vurğulayaraq, bildirmişdir ki, bu kimi hadisələrin gələcəkdə də təkrar olunmaması üçün Xocalı soyqırımına bütün dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən lazımı hüquqi-siyasi qiymət verilməlidir.