İQTİSADİYYAT
Pakistanda keçirilən “International Rawal Expo 2018” beynəlxalq sərgisində Azərbaycan şirkəti də təmsil olunub
İslamabad, 20 aprel, AZƏRTAC
Pakistan İslam Respublikasında keçirilən “International Rawal Expo 2018” adlı beynəlxalq sərgidə Azərbaycan şirkəti də təmsil olunub.
AZƏRTAC xəbər verir ki, Ravalpindi Ticarət və Sənaye Palatası tərəfindən təşkil edilən, yüz minlərlə insanın gəldiyi bu sərgidə beynəlxalq və yerli tikinti şirkətləri, istehsalçılar, daşınmaz əmlak agentlikləri, uşaqlar üçün əyləncə yerləri, qida və ərzaq pavilyonları, beynəlxalq və yerli şirkətlər öz xidmətlərini təqdim edib.
Sərgiyə əsasən dövlət və özəl sektorları təmsil edən nümayəndələr, o cümlədən müxtəlif şirkətlərin rəhbərləri, diplomatlar, təhsil, media qurumlarının nümayəndələri də qatılıb.
Sərginin açılışında çıxış edənlər Pakistanın iqtisadi potensialı, tədbirin əhəmiyyəti haqqında məlumat verib, cari ildə bəzi qonşu ölkələrlə yanaşı Pakistana yaxın dost ölkə olan Azərbaycanı təmsil edən şirkətin də iştirak etdiyini vurğulayaraq sərgi iştirakçılarına uğurlar arzulayıb.
Sərgidə Azərbaycan Respublikasının iri tikinti şirkətlərindən biri olan “ALKE İnşaat Sənaye və Ticarət” ASC öz xidmətlərini təqdim edib, şirkətin tikinti sahəsində istər Azərbaycanda, istərsə də bir çox xarici ölkələrdə müxtəlif layihələrin iştirakçısı olduğu haqqında məlumat verilib. Pakistanın bu sahədə fəaliyyət göstərən yerli şirkətləri ilə birgə layihələrin həyata keçirilməsi istiqamətində imkanlar araşdırılıb, bununla bağlı bir sıra görüşlər keçirilib.
İştirakçılar Azərbaycan şirkətinin pavilyonuna böyük maraq göstərib.
Sərgidə Azərbaycanın siyasi-iqtisadi tərəqqisi, mədəni zənginliyini əks etdirən kitab, fotoşəkil və suvenirlər də iştirakçıların böyük marağına səbəb olub. Tədbirdə xalqımızın mədəniyyəti, adət-ənənələri, milli mətbəxlə bağlı çap materialları da yayılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad