Pakistanda terror aktı nəticəsində 10 hərbçi yaralanıb
AzerTAg.az
Bakı, 5 iyul, AZƏRTAC
Pakistanın Şimali Vəziristan dairəsində intiharçı-terrorçunun törətdiyi partlayış nəticəsində təhlükəsizlik qüvvələrinin 10 əsgəri yaralanıb.
AZƏRTAC xəbər verir ki, Dawn qəzetinin Pakistan Müdafiə Nazirliyinin ictimaiyyətlı əlaqələr idarəsinə istinadla yaydığı məlumata görə, terrorçu partlayıcı qurğunu xüsusi təyinatlı qüvvələrin avtomobil karvanının yaxınlığında işə salıb. Nəticədə 10 hərbçi yaralanıb, onlardan üçü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Partlayış baş verən ərazidə hazırda antiterror əməliyyatı aparılır.
Şimali və Cənubi Vəziristanda radikal qruplaşma qondarma “Vəziristan İslam dövləti” qurmağa nail olmaq istəyir. Vəziristan Pakistan-Əfqanıstan sərhədində yerləşən dağlıq regiondur və Pakistanın qaynar nöqtələrindən biri hesab olunur. Orada “Əl-Qaidə”, “Şərqi Türkistan İslam hərəkatı”, həmçinin “Taliban” hərəkatı ilə əlaqəli “Təhrik-i Taliban Pakistan” silahlıları və digər ekstremist qruplaşmalar fəaliyyət göstərir.

Xəbərin mətnində orfoqrafik səhv var