REGİONLAR


Pakistanın “Daily Times” qəzetində Naxçıvanın sosial-iqtisadi və mədəni inkişafına dair məqalə dərc edilib

Naxçıvan, 16 fevral, AZƏRTAC

Pakistanda ingilis dilində nəşr edilən “Daily Times” qəzetində filologiya üzrə fəlsəfə doktoru Süsənbər Ağamalıyevanın “Cənab Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası” adlı məqaləsi dərc edilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, məqalədə Naxçıvan Muxtar Respublikası bəşər tarixində blokada şəraitində böyük iqtisadi, mədəni, təhsil və digər sahələrdə inkişafa nail olan, son onilliklərdə özünün intibah dövrünü yaşayan yeganə diyar kimi göstərilir. Müəllif 1995-ci ildən etibarən muxtar respublikada inkişaf və intibahın geniş vüsət aldığını xüsusi vurğulamaqla bərabər, 1995-2018-ci illərdə burada bütün sahələrdə böyük nailiyyətlər əldə olunduğu qeyd edir. Göstərilir ki, beş min ildən artıq tarixi olan Naxçıvanda son 23 ildə qazanılan uğur və nailiyyətlər muxtar respublika rəhbərinin Vətənə, xalqa və millətə təmənnasız sevgisi və tükənməz enerjisi sayəsində əldə edilib.

Məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Vətənə məhəbbət olarsa, çətin iqtisadi şəraitdə belə böyük uğurların qazanılması mümkündür” fikri önə çəkilərək, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun hələ 1996-cı ildə keçirilən iclaslardan birində söylədiyi “Blokada inkişafa maneə ola bilməz” fikrinin reallıqda öz əksini tapdığı vurğulanıb. Həmçinin son illər həyata keçirilən geniş quruculuq və abadlıq işləri doğru siyasətin, düzgün idarəçiliyin və Vətənə sonsuz məhəbbətin bəhrəsi kimi təqdim edilir. Müəllif yazır: “Naxçıvanda böyük səylə quruculuq işləri həyata keçirilir, yollar və körpülər tikilir, yeni istehsal sahələri yaradılır, məktəblər, xəstəxanalar, idman kompleksləri, kənd və xidmət mərkəzləri inşa edilir, yaşayış evləri yenidən tikilir, qaz, elektrik və su təchizatı yaxşılaşdırılır. Bu diyarın parlaq gələcəyi naminə görülən işlər bizim bu gün mahiyyətini dərk edə bilməyəcəyimiz qədər böyükdür”.

Məqalədə o da qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası daxili bazarda ərzaq və qeyri-ərzaq məhsullarına olan tələbatını ödəməklə yanaşı, özünün ixrac potensialını gündən-günə artırır. Enerji və ərzaq təhlükəsizliyi problemini həll etməklə enerji idxal edən regiondan indi enerji ixrac edən regiona çevrilib və muxtar respublika ərazisi 100 faiz qazla təmin olunub. Prezident İlham Əliyev bu istiqamətdə görülən işləri yüksək qiymətləndirərək deyib ki, bu gün Naxçıvan özünü təkcə enerji ilə təmin etmir, hətta onu ixrac edir. Ən vacibi isə, Naxçıvan özünün daxili tələbatını 100 faiz bərpa edilən enerji mənbələri hesabına təmin edir.

Məqalədə, həmçinin Naxçıvanda son illər kənd təsərrüfatı və sənaye məhsulu istehsalı sahəsində də əldə olunan inkişaf və nailiyyətlərə toxunulur və fermerlərə göstərilən diqqət və qayğı önə çəkilir. Son illər həyata keçirilən islahatların, tikilib istifadəyə verilən, müasir standartlara cavab verən yeni məktəb binalarının, xidmət sahələrinin və yolların əhalinin həyat şəraitini yaxşılaşdırmaqla bərabər, kəndlə şəhər arasındakı fərqi aradan qaldırdığı, şəhərdə inşa edilən məktəb binaları ilə ucqar dağ kəndlərindəki məktəb binaları arasında heç bir fərqin olmadığı göstərilir.

Müəllif istənilən diyarın inkişafının təhsilli insanlardan asılı olduğunu və Naxçıvanda bu sahəyə, xüsusilə savadlı mütəxəssislərin hazırlanmasına diqqət yetirildiyini, təhsilin inkişaf etdirilməsinin qarşıya qoyulan əsas məqsədlərdən biri olduğunu vurğulayır. Son 23 il ərzində muxtar respublikada 200-dən artıq təhsil müəssisəsinin tikilib istifadəyə verildiyi, o cümlədən yenidən qurulduğu diqqətə çatdırılır. Həmçinin səhiyyə sahəsinə diqqətin artırılması və 250 səhiyyə ocağının tikilib-təmir edilməsindən bəhs olunur.

Məqalədə deyilir: “Vətənə sevgi, doğma torpağa bağlılıq, tələbkarlıq və iradə, həmçinin muxtar respublika rəhbərinin böyük yaradıcı enerjisi hər kəsə nümunədir. Bu nümunədən ilhamlanan böyük vətənpərvərlər ordusu, yaradıcı və konstruktiv gənclər böyüyür. Bu gənclər Naxçıvana yalnız daha böyük tərəqqi gətirmək amalı ilə deyil, hətta Naxçıvandan zorla qoparılan, işğal olunmuş tarixi ərazilərini bərpa etmək arzusu ilə də yaşayır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.