SİYASƏT


Pakistanın KİV nümayəndələri Vətən müharibəsi və azad edilmiş torpaqlarımıza aparılan işlər barədə məlumatlandırılıb VİDEO

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin KİV nümayəndələri üçün 27 Sentyabr - Anım Gününə həsr olunan mətbuat konfransı keçirib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vətən müharibəsini özündə əks etdirən videoçarxın nümayişindən sonra Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov mətbuat konfransında çıxış edərək 27 Sentyabr - Anım Günü barədə məlumat verib.

Səfir Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını qurban vermiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-sinin Azərbaycanda Anım Günü kimi qeyd edildiyini diqqətə çatdırıb.

Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın qanunsuz olaraq işğal altında saxladığını bildirən səfir, bu illər ərzində Ermənistanın Azərbaycana qarşı dəfələrlə hərbi təxribatlar törətdiyini qeyd edib.

X.Fərhadov 2 il əvvəl – 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə növbəti irimiqyaslı hərbi hücumuna cavab olaraq ordumuzun əks-hücum əməliyyatına başladığını, bu əməliyyatın 44 günlük Vətən müharibəsinə çevrildiyini bildirib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə 44 gündə son qoyduğunu, Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyini, 1 milyona yaxın azərbaycanlının fundamental hüquqlarının bərpa olunduğunu, eləcə də Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrini təkbaşına yerinə yetirdiyini diqqətə çatdırıb.

Səfir qardaş Pakistanın istər keçmiş Qarabağ münaqişəsi, istərsə də Vətən müharibəsi dövründə ölkəmizin ədalətli mövqeyinə göstərdiyi mənəvi və siyasi dəstəyinin Azərbaycan hökuməti və xalqı tərəfindən hər zaman yüksək qiymətləndirildiyini vurğulayıb.

X.Fərhadov müharibə bitdikdən dərhal sonra azad edilmiş ərazilərdə ölkəmiz tərəfindən aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumatları KİV nümayəndələrinin diqqətinə çatdırıb, eləcə də Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə 30 ilə yaxın yurd həsrəti ilə yaşayan məcburi köçkünlərin artıq köçürüldüyünü bildirib.

Azərbaycanın Ermənistana sülh müqaviləsi imzalamaq üçün 5 bənddən ibarət prinsip təklif etdiyini bildirən səfir Ermənistanın hələ də destruktiv yanaşma nümayiş etdirdiyini qeyd edib. Azərbaycanın Ermənistanla münasibətlərinin normallaşması istiqamətində göstərdiyi səylərə baxmayaraq, qarşı tərəfin normallaşma prosesini pozmaq üçün mütəmadi təxribatlara əl atdığını, bu təxribatların regional sülh və təhlükəsizliyi təhlükə altında qoyduğunu vurğulayıb.

Bu xüsusda, son bir neçə ayda Ermənistanın Azərbaycana qarşı dəfələrlə hərbi təxribatlar törətməsindən söhbət açan X.Fərhadov təkcə Laçın rayonunda 2021-ci ildə 1300-dən çox yeni mina basdırıldığını diqqətə çatdırıb. O, mina partlayışları nəticəsində 240-dan çox Azərbaycan vətəndaşının həlak olduğunu və ya ağır yaralandığını bildirib. Sentyabrın 13-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilməsindən də bəhs edən səfir Azərbaycanın bu təxribata cavab olaraq öz suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdidin neytrallaşdırılması üçün adekvat tədbirlər gördüyünü bildirib.

Sonda səfir Azərbaycan həqiqətlərinin Pakistan, eləcə də beynəlxalq ictimaiyyət arasında yayılmasında göstərdikləri dəstəyə görə qardaş Pakistanın KİV nümayəndələrinə təşəkkürünü çatdırıb.

Çıxışdan sonra KİV nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Tədbirdə, həmçinin Anım Gününə həsr olunan fotosərgi keçirilib, eləcə də Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsini, məcburi köçkünlərin Zəngilanın Ağalı kəndinə geri qayıtmasını əks etdirən videolar nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.