ELM VƏ TƏHSİL
Pakistanın dövlət naziri: Ölkəmizdə ali təhsil almaq istəyən azərbaycanlıları qəbul etməyə hazırıq
Bakı, 7 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadənin bu ölkənin federal təhsil və peşəkar təlim üzrə dövlət naziri Məhəmməd Baliğ-ur Rəhmanla görüşündə təhsil sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparılıb.
Səfir Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar haqqında nazirə məlumat verərək, qardaş ölkə olan Pakistanın vətəndaşlarının Azərbaycanda təhsil almaları üçün münbit şəraitin və müasir infrastrukturun olduğunu, onların sayının ilbəil artdığını qeyd edib. Ali təhsil sahəsində əlaqələrin inkişafında daha çox imkanların mövcud olduğunu bildirən səfir bu sahədə müqavilə-hüquq bazasının yenilənməsi və artırılması istiqamətində aparılan işlərin yekunlaşmaq üzrə olduğunu əlavə edib. Əli Əlizadə azərbaycanlı tələbələrin də Pakistanın yüksək təhsil müəssisələrində təhsil almaları üçün əlverişli şərait olduğunu və bu istiqamətdə işlərin aparıldığını, səfirliyin hər iki ölkənin tələbələrinə kömək göstərməyə hazır olduğunu söyləyib.
Nazir Məhəmməd Baliğ-ur Rəhman Bakıya etdiyi səfərlərini, keçirdiyi görüşlərini, Azərbaycanda şahidi olduğu sosial-iqtisadi inkişafı xatırladıb, Pakistanla Azərbaycanın bir-birinə sıx bağlı olan iki qardaş ölkə olduğunu bildirib.
Azərbaycanın Təhsil Nazirliyi və digər aidiyyəti qurumları ilə yaxşı əlaqələrinin olduğunu bildirən nazir Pakistanın son illər müxtəlif sahələrdə əldə etdiyi inkişafdan danışıb, ali təhsil almaq istəyən azərbaycanlıları Pakistanda qəbul etməyə hazır olduqlarını vurğulayıb. Universitetlərarası əlaqələrin və tələbə mübadiləsi sahəsində işlərin artırılmasının önəmindən bəhs edən nazir iki ölkənin aidiyyəti qurumları arasında təhsil sahəsində müqavilə-hüquq bazasının artırılması üçün təqdim olunan və hazırda Pakistan tərəfində yekunlaşdırılmaq üzrə olan layihələrin başa çatdırılmasının əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini bildirib.
Görüşdə, həmçinin Azərbaycanın və Pakistanın bir-birinə mütəmadi olaraq göstərdiyi dəstəkdən məmnunluq ifadə edilib, Azərbaycan-Pakistan münasibətlərinin inkişafında iki ölkə rəhbərlərinin xüsusi rolu, həmçinin Heydər Əliyev Fondunun da əməyi qeyd edilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Müzəffərabad şəhərində məktəbin tikilməsi kimi görülən işlərin, Pakistanın müxtəlif bölgələrində, o cümlədən təhsil müəssisələrində həyata keçirilən humanitar və sosial yönümlü layihələrin xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfə verdiyi vurğulanıb.