CƏMİYYƏT


Pakistanın nümayəndə heyəti “ASAN xidmət”də

Bakı, 18 avqust, AZƏRTAC

Avqustun 18-də ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Lahor Milli İdarəetmə Kollecinin 116-cı Milli İdarəetmə Kursunun professor-müəllim heyətindən ibarət nümayəndə heyəti 7 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, nümayəndə heyətinin üzvləri Pakistan Hökumətində inzibati xidmətlər, gəlir vergisi, audit xidməti və s. müxtəlif peşə qruplarının baş direktor səviyyəli məmurlarıdır. Səfərin məqsədi Pakistanda mövcud olan oxşar təcrübələri müqayisə etmək, Azərbaycanda ümumi idarəetmə strukturu, sosial və iqtisadi siyasətlər və dövlət xidmətlərinin göstərilməsi ilə tanış etmək idi.

Görüş zamanı qonaqlara “ASAN xidmət”in yaradılması məqsədi və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Bundan əlavə, qonaqlara Dövlət Agentliyi tərəfindən rəqəmsal hökumət, startap ekosistemlərinə dəstək və sosial innovasiyalar istiqamətində həyata keçirilən fəaliyyət barədə məlumat verilib.

Eyni zamanda, Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi diqqətə çatdırılıb.

Həmçinin görüş zamanı nümayəndə heyəti “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “Bilim Bakı” mərkəzi və “ABAD”ın fəaliyyəti ilə tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.