ELM VƏ TƏHSİL
Pakistanlı alimlər Əlyazmalar İnstitutunda arxeoqrafik sənədlər üzərində tədqiqat aparırlar
Bakı, 6 iyul, AZƏRTAC
Pakistan İslam Respublikasının Lahor Dövlət Kollec Universitetinin Urdu dili kafedrasının dosenti Almaz Khanum və Lahor Dövlət Qadın Tədqiqatlar Kollecinin Kitabxanaşünaslıq kafedrasının müdiri dosent Faiza Bashir AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, institutun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə qonaqlara institutun tarixi, beynəlxalq əlaqələri, burada mühafizə olunan əlyazmalar və yerinə yetirilən tədqiqat işləri barədə ətraflı məlumat verib. Daha sonra tədqiqatçılar institutun Ekspozisiya zalında nümayiş olunan qədim əlyazmalarla tanış olublar.
Pakistanlı alimlər postdoktoral səviyyədə “Azərbaycan-Pakistan münasibətlərinə tarixi-ədəbi yanaşma” mövzusunda, eyni zamanda, tədqiqat sahələrinə uyğun olaraq azərbaycanlı xeyriyyəçi, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyev haqqında elmi-tədqiqat işləri aparmaq və institutun fondlarında saxlanılan arxeoqrafik sənədlərlə tanış olmaq istədiklərini bildiriblər. Bu məqsədlə qonaqlara müvafiq şərait yaradılıb.