Pakistanlı ekspert: 31 Mart faciəsi beynəlxalq hüquq çərçivəsində soyqırımı aktı kimi tanınmalıdır
AzerTAg.az

Bakı, 31 mart, AZƏRTAC
Azərbaycanlılara qarşı törətdikləri soyqırımı kimi çirkin əməllərə və insanlığa qarşı cinayətlərə görə ermənilər tam məsuliyyət və cavabdehlik daşıyırlar. Beynəlxalq ictimaiyyət və beynəlxalq hüquq günahkarların əməllərinə görə məsuliyyət daşıması və gələcəkdə belə faciələrin baş verməməsi üçün ciddi addımlar atmalıdır. Bu, 31 mart soyqırımı zamanı Azərbaycan xalqının çəkdiyi zülmlərin dünyaya çatdırılması və gələcəkdə belə faciələrin baş verməsinin qarşısının alınması üçün çox vacibdir.
Bunu AZƏRTAC-a açıqlamasında Pakistan–Azərbaycan Məzunları Birliyinin qurucusu, strateji kommunikasiyalar üzrə pakistanlı ekspert Qayser Nəvvab söyləyib.
Ekspert deyib ki, 31 Mart soyqırımı beynəlxalq hüquq çərçivəsində soyqırımı aktı kimi tanınmalı və günahkarlar məsuliyyətə cəlb edilməlidir. Beynəlxalq hüquq bəşəriyyətə, insanlığa qarşı bu cür cinayətlərə laqeyd qalmamalıdır. Həmçinin beynəlxalq ictimaiyyətin belə vəhşilikləri törədənlərin məsuliyyətə cəlb edilməsinə çağırış etməsi çox vacibdir. Beynəlxalq ictimaiyyət də regionda sülhün, insan hüquqlarına hörmətin, müxtəlif etnik qruplar arasında tolerantlığın, təhlükəsizliyin və sabitliyin təşviqi istiqamətində çalışmaqla gələcəkdə belə faciələrin baş verməsinin qarşısını almaqda öz rolunu oynaya bilər. Bu kontekstdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması prosesi də daxildir.
“Pakistan-Azərbaycan Məzunları Assosiasiyasının təsisçisi kimi 31 Mart soyqırımı zamanı mülki vətəndaşlara qarşı ermənilər tərəfindən törədilən ağlasığmaz vəhşiliklərə görə kədərləndiyimi bildirir və bu soyqırımı törədənləri qınayıram. Erməni daşnaklarının və bolşeviklərin paytaxt Bakıda və bir sıra bölgələrdə, o cümlədən, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Gəncədə minlərlə günahsız insanı qətlə yetirməsi həm də beynəlxalq cinayətdir.
Düşünürəm ki, yalnız qarşılıqlı anlaşma və hörmət sayəsində gələcəkdə belə faciələrin təkrarlanmasının qarşısını ala bilərik. Dialoq mədəniyyəti, əməkdaşlıq və beynəlxalq hüquqa hörmət vasitəsilə biz regiondakı bütün insanlar üçün daha yaxşı gələcək yarada bilərik”, - deyə Qayser Nəvvab vurğulayıb.
Xəbərin mətnində orfoqrafik səhv var