CƏMİYYƏT
Pakistanlı mütəxəssislərlə bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq sazişi müzakirə edilib
Bakı, 13 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ilə Pakistan Bitki Mühafizəsi İdarəsi nümayəndələri arasında görüş keçirilib.
Agentliyin Aparat rəhbəri Elxan Mikayılov və Pakistanın Bitki Mühafizəsi baş idarəsinin direktoru Allah Ditta Abidin başçılıq etdiyi nümayəndə heyətinin iştirak ilə keçirilən görüşdə Pakistanla ölkəmiz arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında saziş layihəsinə dair müzakirələr aparılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Pakistan tərəfi onlara təqdim olunan “Аzərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsini məqbul hesab etdiklərini qeyd edərək layihə barədə təkliflərini diqqətə çatdırıb.
Görüşdə tərəflər bitki və bitkiçilik məhsullarının və digər fitosanitar nəzarətinə aid olan məhsulların ikitərəfli ticarəti ilə əlaqədar sanitar və fitosanitar tədbirlər sahəsində əməkdaşlıq istiqamətində əlaqələrin inkişaf edəcəyinə əmin olduqlarını ifadə ediblər.