MƏDƏNİYYƏT
Pakistanlı professor: Müasir dövrdə belə bir beynəlxalq tədbirin keçirilməsi çox böyük əhəmiyyət kəsb edir
Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycana ilk dəfədir gəlirəm. Bu mötəbər Foruma dəvət olunduğuma görə təşkilatçılara minnətdaram. İnsanlarınız çox mehriban, gülərüz və qonaqpərvərdirlər.
Bu sözləri Nizami Gəncəvi Beynəlxalq Forumunun iştirakçısı Pakıstan Milli Folklor və Mədəni İrs İnstitutunun İcraçı Direktoru Talha Ali Kuşvaha AZƏRTAC-a müsahibəsində deyib.
Tədbirin çox yüksək səviyyədə təşkil olunduğunu qeyd edən pakistanlı professor bildirib ki, Forumda müxtəlif dövlətlərdən olan çoxsaylı alimlərin, mütəxəssislərin və dövlət nümayəndələrinin bir araya gəlməsi Nizami Gəncəvinin ölməz bədii irsinin mədəniyyətlər arasında körpü rolunu oynamasını bir daha sübut edir.
“Müasir dövrdə belə bir beynəlxalq tədbirin keçirilməsi çox böyük əhəmiyyət kəsb edir. Xüsusilə də sosial medianın mədəniyyətimizə güclü təsir etdiyi bir dövrdə milli-mənəvi dəyərləri və mədəni irsi təşviq etmək və onları gələcək nəsillərə ötürmək vacibdir. Bu kimi tədbirlər milli-mənəvi dəyərlərə bağlılığı möhkəmləndirmək və Nizami Gəncəvinin də əsərlərində öz əksini tapmış tolerantlıq mühiti, humanizm, multikulturalizm, bəşəri dəyərləri təşviq etmək baxımından böyük əhəmiyyət kəsb edir,” – deyə o, əlavə edib.