CƏMİYYƏT
Palçıq vulkanlarına geopark statusu verilərək onların UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün işlər aparılır
Bakı, 28 avqust, AZƏRTAC
Azərbaycanda 300-dən çox palçıq vulkanları var və belə orijinal təbiət obyektləri heç də bütün ölkələrdə yoxdur. Yaşadığımız regionda palçıq vulkanları ən çox bizim ölkəmizdədir. Mühafizə olunan palçıq vulkanları qoruq statusu altında olduğuna görə ora səyahət etməyə icazə verilmir.
AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bu barədə nazirliyin “Facebook” səhifəsində yaradılmış “Ekspert saatı” rubrikasında sosial şəbəkə izləyicilərinin suallarına cavab verərkən deyib.
O, xatırladıb ki, ötən il ölkəmizdə UNESCO-nun 43-cü sessiyası keçirilib və həmin sessiyada Şəki Xan Sarayı təşkilatın irs siyahısına daxil edilib: “Hazırda palçıq vulkanlarına geopark statusu verilməsi və onların UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün işlər aparılır. Ötən il geoparkların əsasnaməsi də təsdiqlənib. Həmin statusu alandan sonra geoparkda geoturizm inkişaf edəcək və ziyarətçilər bələdçi vasitəsilə vulkanlar haqqında məlumat əldə edə biləcəklər”.