ELM VƏ TƏHSİL


Palçıq vulkanlarının elmi və praktik məsələlərinin araşdırılması akademik Əhəd Yaqubovun adı ilə bağlıdır

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ölkəmizdə palçıq vulkanizmi sahəsi üzrə görkəmli geoloq-alim, böyük ictimai xadim, elm təşkilatçısı, pedaqoq, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, SSRİ-nin fəxri neftçisi, akademik Əhəd Yaqubovun anadan olmasının 110 illiyinə həsr edilən tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbirin Prezident İlham Əliyevin “Akademik Əhəd Yaqubovun 110 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 29 mart tarixli Sərəncamına əsasən təşkil edildiyini diqqətə çatdırıb.

A.Əlizadə bildirib ki, Şərqi Azərbaycanda geniş yayılan palçıq vulkanlarının öyrənilməsi ilə XIX əsrin ikinci yarısından başlayaraq bir neçə geoloq nəsli məşğul olub. Lakin Azərbaycanın palçıq vulkanlarının hərtərəfli tədqiqi, palçıq vulkanizminin elmi və praktik məsələlərinin araşdırılması akademik Əhəd Yaqubovun adı ilə bağlıdır. Alim 1966-cı ildə Azərbaycan Elmlər Akademiyasının İ.Qubkin adına Geologiya İnstitutunda keçmiş SSRİ-də ilk palçıq vulkanizmi laboratoriyasını təşkil edib. O, 1971-ci ildə Almaniyada “Azərbaycanın palçıq vulkanları atlası”nı (Ə.Əlizadə və M.Zeynalovla birlikdə) nəşr etdirib. Atlas SSRİ-nin tanınmış alim və istehsalatçıları tərəfindən palçıq vulkanizmi üzrə ensiklopedik vəsait kimi qiymətləndirilib.

Tədbirdə görkəmli alimin diplomat kimi fəaliyyətindən də danışılıb. Bildirilib ki, 1944-cü ilin mayından 1946-cı ilin avqustunadək Ə.Yaqubov SSRİ-nin İrandakı səfirliyinin məsləhətçisi – işlər vəkili işləyib. İrandan qayıtdıqdan sonra o, Azərbaycan KP MK katibinin müavini və MK-nın neft sənayesi üzrə şöbə müdiri təyin olunub.

Ə.Yaqubov elmi kadrların hazırlanmasına da böyük diqqət göstərib. O, 40-dan çox namizədlik elmi dərəcəsi alan dissertantın elmi rəhbəri, 10-dək doktorluq dissertasiyasının məsləhətçisi olub. Onun tələbələri sırasında Əfqanıstan, Hindistan və başqa ölkələrdən olan mütəxəssislər də var.

Bildirilib ki, Ə.Yaqubov 200-dən çox elmi əsərin və hesabatın, o cümlədən 20 kitab və dərs vəsaitinin müəllifidir. Onun bir qrup müəlliflə birgə yazdığı “SSRİ-nin neftli-qazlı əyalətləri və vilayətləri” dərsliyi İ.Qubkin mükafatına layiq görülüb. Bütün həyatını palçıq vulkanlarının öyrənilməsinə həsr etmiş alimin arzusunu onun vəfatından sonra tələbələri və ardıcılları həyata keçiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.