ELM VƏ TƏHSİL
Palçıq vulkanlarının insanların həyat və təsərrüfat fəaliyyətinə təsiri araşdırılıb
Bakı, 14 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun növbəti elmi seminarında dosent Elxan Məmmədbəyovun dosent Səidə Zeynalova ilə birgə hazırladığı “Palçıq vulkanizminin inkişaf etdiyi ərazi geosistemlərinin struktur morfogenetik xüsusiyyətləri və onların ətraf ərazi landşaftlarına təsiri” mövzusunda məruzəsi dinlənilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqatın əsas məqsədi Böyük Qafqazın cənub-şərq hissəsində palçıq vulkanlarının yayıldığı müxtəlif təbii ərazi komplekslərində aerokosmik metod və müasir kompüter proqramlarının köməyi ilə onların morfogenetik, hipsometrik, geokimyəvi və s. elementləri ilə ətraf geosistemləri arasındakı qarşılıqlı əlaqənin daha mükəmməl üsullarla aşkar edilməsi və iri miqyaslı (1:25000 və 1:100.000) xəritələrin tərtibidir.
Bu məqsədlə ərazinin müxtəlif landşaft tiplərində intensiv fəaliyyətdə olan palçıq vulkanlarının (Daşgil, Şahqaya, Çapılmış, Çeyildağ, Torağay, Axtarma, Paşalı, Dəmirçi və s.) morfometrik parametrləri öyrənilib və ətraf ərazilərin landşaftlarına təsiri müəyyən olunub.
Palçıq vulkanlarının insanların həyat və təsərrüfat fəaliyyətinə, eləcə də infrastruktura təsiri araşdırılıb. Keyrəki, Quşçu, Hökməli, Bozdağ, Qobu və s. vulkanların yaxınlığında yaşayış məntəqələrinin olması xüsusilə təhlükəlidir. Bu barədə müvafiq qurumlara mütəxəssislər tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, vulkanların yaxınlığında yaşayış evlərinin tikintisi davam etdirilir.