DÜNYA


Palermoda “Koza nostra” qruplaşmasının ehtimal edilən başçısı həbs olunub

Bakı, 4 dekabr, AZƏRTAC

Siciliyanın mafiya ilə mübarizə idarəsi dekabrın 4-də səhər saatlarında keçirdiyi xüsusi əməliyyat zamanı “Koza nostra” qruplaşmasının 46 üzvünü, o cümlədən qanqster sindikatının ehtimal olunan başçısı Settimino Mineonu həbs edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumat Palermo şəhərinin istintaq orqanlarının nümayəndələri tərəfindən açıqlanıb. Təhqiqatın məlumatına əsasən, 80 yaşlı “zərgər” ömürlük həbs cəzasına məhkum olunan və 2017-ci ildə həbsxanada ölən mafiya rəhbəri Toto Riinadan sonra “Koza nostra” qruplaşmasının digər bosslarından Palermoda əfsanəvi cinayətkar təşkilata başçılıq etmək səlahiyyəti alıb.

Həbs olunan şəxslərə mafiya ilə əlaqə, dələduzluq, qanunsuz silah gəzdirmə və bir sıra digər cinayətlər üzrə ittihamlar irəli sürülüb.

İtaliya mafiyası uzun müddət sərt mərkəzi rəhbərlik olmaması səbəbindən son vaxtlar çətin təşkilatlanma dövrü keçirirdi. Nəticədə “Koza nostra” qruplaşmasının bir neçə klanı mafiyada rəhbər strukturu yenidən qurmaq üçün Mineona “xaç atası” səlahiyyətləri vermişdi.

Settimino Mineo hələ 1986-1992-ci illərdə mafiyaya qarşı aparılan “maksi-prosses”in gedişində 5 il azadlıqdan məhrum edilmişdi. Məhkəmə prosesinin təşəbbüskarı olan məşhur müstəntiq Covanni Falkone 1992-ci ildə mafiya tərəfindən qətlə yetirilmişdi. Mineo 12 il bundan öncə yenidən həbs olunmuş və 11 il cəza çəkdikdən sonra azadlığa çıxmışdı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.