REGİONLAR
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
Ağdam, 22 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Pambığın alış qiymətinin hər tonuna görə 50 manat artırılması fermerləri daha çox məhsul istehsal etməyə həvəsləndirib.
Uzun illərdir kənd təsərrüfatı sahəsində çalışan Ağdam rayon Kolqışlaq kənd sakini İslam Qasımov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində pambıqçılığın gəlirli sahə olduğunu bildirib. O deyib: "Pambıq kənd təsərrüfatının elə sahəsidir ki, həm dövlət üçün əhəmiyyətlidir, həm də fermerlər üçün xeyirlidir. Düzgün aqrotexniki qulluq göstərildikdə yaxşı gəlir götürmək mümkündür. Digər tərəfdən pambığın becərilməsi dövründə bütün xərclərin müqavilə bağlanmış şirkət tərəfindən ödənilməsi, fermerlərin texnika, toxum, gübrə və dərmanlarla təmin edilməsi çox əlverişlidir. Mən də bu imkandan istifadə edərək, ötən il 4 hektarda pambıq becərib, hər hektardan orta hesabla 47 sentner məhsul götürdüm. 5400 manat qazanc əldə etdim. Bu il də 4 hektarda pambıq becərmişik. Düzgün aqrotexniki qulluq sayəsində tarlalarda bol məhsul yetişib. Hər hektardan 45 sentnerdən yuxarı məhsul gözləyirik. Pambığın alış qiymətinin 50 manat qaldırılması mənə min manata yaxın əlavə qazanc gətirəcək".
Pambığın alış qiymətinin artırılmasını dövlət başçısının fermerlərə göstərdiyi diqqət və qayğının növbəti təzahürü kimi qiymətləndirən İslam Qasımov növbəti ildə əkin sahəsini daha da genişləndirəcəyini və daha çox məhsul istehsal etməyə çalışacağını bildirib.