Pambığın son qozasınadək yığılması üçün ciddi səy göstərilir
AzerTAg.az
Kürdəmir, 13 noyabr, AZƏRTAC
Kürdəmir rayonunun pambıqçıları tarlalardan indiyədək 5219,4 ton “ağ qızıl” toplayıblar və hazırda məhsul yığımı davam edir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, pambıqçılığın ənənəvi təsərrüfat sahəsi olduğu Kürdəmirdə cari ildə 1997,5 hektarda “ağ qızıl” yetişdirilib. İndiyədək hər hektardan əldə olunan məhsuldarlıq 26,1 sentnerdir ki, bu da ötən ildəki göstəricidən 3 sentner çoxdur. Tədarük edilən “ağ qızıl”ın çoxu - 4323,8 tonu pambıqyığan maşınların qüvvəsi ilə yığılıb. Qalan 895,6 tonu isə əl ilə toplanıb. Cari mövsümdə məhsul yığımına 10 pambıqyığan maşın, 800 nəfərdən çox işçi qüvvəsi cəlb olunub.
Hazırda yığım davam edir. İndi tarlalara gündə 4-5 pambıqyığan, 250 nəfərdən çox işçi qüvvəsi çıxır.
Hər yerdə, xüsusilə daha çox pambıq yetişdirilən Kürqırağı ərazilərdə, o cümlədən Şilyan, Qarasu, Muradxan, Sor-Sor və bir sıra digər ərazi dairələrində məhsulun son qozasınadək yığılması üçün ciddi səy göstərilir.

Xəbərin mətnində orfoqrafik səhv var