REGİONLAR
“Pambığın yüksək aqrotexniki şəraitdə becərilməsi” mövzusunda respublika tarla müşavirəsi VİDEO
Bərdə, 29 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
İyulun 29-da Bərdə rayonunun Kətəlparaq kəndində yerləşən fermer təsərrüfatında “Pambığın yüksək aqrotexniki şəraitdə becərilməsi” mövzusunda respublika tarla müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, “Aqrolizinq” ASC-nin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun, Azərbaycan Dövlət Aqrar Universitetinin, Nazirliyin yerli strukturlarının, rayonların icra hakimiyyəti orqanlarının, iri pambıqçılıq şirkətlərinin nümayəndələri, eləcə də fermer və sahibkarlar iştirak edib.
Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Qarayev qonaqları salamlayaraq, tarla müşavirəsinin işinə uğurlar arzulayıb. Bildirib ki, Prezident İlham Əliyevin ölkədə strateji kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq, bu il rayonda 3000 hektardan artıq sahədə pambıq səpini aparılıb. Gələn il 8500 hektar pambıq əkininin aparılması planlaşdırılır.
Müşavirədə çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev ümummilli lider Heydər Əliyevin kənd təsərrüfatının inkişafındakı xidmətlərindən danışıb. Diqqətə çatdırıb ki, Ulu Öndərin istər 1970-ci illərdə, istərsə də 1993-cü ildən sonra ölkəyə rəhbərlik etdiyi dövrdə iqtisadiyyatın bütün sahələrində, o cümlədən aqrar sahədə inkişafa nail olunub.
Bildirilib ki, Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən bu gün aqrar sahənin inkişafına yüksək diqqət və qayğı göstərilir. Kənd təsərrüfatı məhsulları istehsalçıları vergilərdən azad edilib. Fermer və sahibkarlara güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika, damazlıq mal-qara almaq imkanı yaradılıb. Fermerlər suvarma texnologiyalarını 40 faiz güzəştlə əldə edirlər. Cins heyvandarlığın inkişafı üçün süni mayalama yolu ilə alınan hər buzova görə 100 manat verilir. Elmi müəssisələrdə yetişdirilən elit, super elit və orijinal toxumlar dövlət tərəfindən dotasiya olunur. Əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə istehsalçılara hər hektar üçün 50 manat, buğda və çəltik istehsalçılarına isə əlavə olaraq daha 40 manat subsidiya verilir.
Diqqətə çatdırılıb ki, respublikada qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində dövlət başçısı tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən edilmiş kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi və əməktutumlu istehsal sahələrindən olan pambıqçılığın dirçəldilməsi ilə bağlı mühüm addımlar atılır. Xam pambığın növlər üzrə alış qiymətləri artırıldığından torpaq mülkiyyətçiləri tərəfindən bu sahəyə maraq xeyli artıb. Nazirlər Kabinetinin qərarı ilə pambıq və tütün istehsalçılarına becərilən hər hektar əkin sahəsinə görə əlavə 40 manat yardım tətbiq edilib. Becərmə və yığım işlərinin mexanikləşdirilməsi, mütərəqqi texnologiyalar tətbiq edərək istehsalın səmərəliliyinin daha da artırılması üçün “Aqrolizinq” ASC tərəfindən dünyanın qabaqcıl şirkətlərinin istehsalı olan müasir texnika və avadanlıqlar respublikaya gətirilib. Bu istiqamətdə işlər davam etdirilir. Cari ilin məhsulu üçün 52 min hektara yaxın pambıq əkilib. 100 min tondan artıq pambıq istehsalı gözlənilir. Pambıqçılığın inkişafı həm əhalinin məşğulluğunun təmin edilməsi, gəlirlərinin artması, həm də ölkəyə valyuta gətirilməsi baxımdan əhəmiyyətlidir.
Nazir müavini çıxışında ölkənin ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa edilməsi, pambıqçılıqla yanaşı tütünçülüyün, baramaçılığın və heyvandarlığın inkişafı, tərəvəz, fındıq və xurma istehsalının artırılması istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən də danışıb.
Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov “Pambıq istehsalının artırılmasında intensiv texnologiyaların əhəmiyyəti”, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktor müavini Həsənəli Aslanov “Yerli pambıq sortlarının üstünlükləri” mövzularında çıxış ediblər.
Müşavirədə pambıqçılığın inkişaf perspektivləri haqqında müzakirələr aparılıb, intensiv texnologiyalar, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri, məhsuldar yerli sortların üstünlükləri barədə fermerlərə məlumat verilib.
Sonda fermer təsərrüfatında pambıq bitkisinə yemləmə gübrəsinin verilməsi və kultivasiya nümayiş olunub.