REGİONLAR
Pambıq istehsalı bu il 100 min tona çatdırılacaq
Bakı, 11 avqust, AZƏRTAC
Ölkəmizdə pambıq istehsalı bu il 100 min tona çatdırılacaq.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev avqustun 10-da İsmayıllıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.
Dövlətimizin başçısı bildirib ki, pambıqçılığın inkişafı geniş vüsət alıb: “Biz bu il keçən ilə nisbətən pambığın istehsalını üç dəfə artıracağıq, 30 min tondan 100 min tona qaldırılacaq. Gələn il 250-300 min ton olmalıdır. İndi hər bir region üçün xüsusi inkişaf planı hazırlanır. Əlbəttə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında əsas istiqamətlər müəyyən edilib və o proqram bizim üçün əsasdır, bir yol xəritəsidir. Ancaq həyat yerində durmur, dəyişikliklər baş verir. Həm bölgədə, həm dünyada yeni situasiya yaranır. İndi bazarlar uğrunda mübarizə gedir. Məhsulu yetişdirmək hələ məsələnin həlli deyil. Onu daxili bazarda və yaxud da xarici bazarda satmaq lazımdır. Ona görə, fermerlərə kömək göstərmək üçün indi yetişdirilən bu məhsulların tədarükü ilə məşğul olan qurum da yaradılır. Kənd təsərrüfatında işləyənlər bilirlər ki, aqrolizinq vasitəsilə texnika verilir, gübrəyə, yanacağa, yetişdirilən məhsula görə nə qədər böyük subsidiyalar verilir. İndi biz ixracı stimullaşdırmaq üçün təşviq mexanizmini işə salırıq. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Bu, çox ciddi bir proqramdır. Yenə də deyirəm, hər bir rayon üzrə rayonun potensialı maksimum dərəcədə realizə edilməlidir və ediləcək”.