REGİONLAR


Pambıq ustası Əlibala Səlimov: Təklif edirəm ki, növbəti ildən respublikada “1000 tonçu” hərəkatına başlayaq VİDEO

Neftçala, 25 oktyabr, İsmayıl Cəfərli, AZƏRTAC 

Respublikamızın regionlarında pambıq yığımı davam edir. Oktyabrın 23-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 229 min 595 ton məhsul təhvil verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,2 faiz çoxdur. Keçən il oktyabrın 23-dək 158 min 83 ton pambıq tədarük olunmuşdu.

Pambıqçılıq rayonlarından olan Neftçalada artıq birinci yığım başa çatıb. Sahələrdə məhsuldarlıq yüksəkdir. Fermerlər yığımın ikinci hissəsinə hazırlaşırlar.

AZƏRTAC xəbər verir ki, son illər bölgələrdə qurulan müasir infrastruktur, həmçinin aqrar sektorun zəruri texnika ilə təminatının gücləndirilməsi, yeni suvarma sistemlərinin yaradılması, genişmiqyaslı meliorasiya tədbirlərinin həyata keçirilməsi, toxumçuluğun inkişafına göstərilən diqqət gəlirli sahə olan pambıqçılıqda məhsuldarlığın artırılmasına geniş imkanlar açıb. Hazırda ölkədə olan pambıqçılıq rayonlarında istər əllə, istərsə də mexaniki üsulla pambıq yığımı davam edir. Tarlalardan yığılan pambığın məhsuldarlığı fermerlərin ürəyincədir.

Fermer Hüseynalı Süleymanov deyir: “Bu il 8 hektar sahədə pambıq əkmişəm. Onun 5 hektarını yığmışam. Orta məhsuldarlıq hələlik 30-35 sentnerdir. Gördüyünüz kimi, sahələrdə hələ məhsul boldur. Məhsulu son qozasına kimi yığıb təhvil verəcəyik. Havalar əlverişli olarsa, sabahdan növbəti yığıma başlayacağıq”.

Pambıqçı Vurğun Fərəcov da məhsuldarlığın yüksək olduğunu bildirir: “Dörd hektarda pambıq əkib becərmişəm. Birinci yığımda maşınların köməyi ilə 12 ton tədarük etmişəm. Qalan qozalar da açmaq üzrədir. Növbəti yığımda sahələrdən əlavə 15 sentner pambıq yığacağıma ümid edirəm. Gördüyünüz kimi, məhsulumuz boldur”.

Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elman Məmmədov deyir ki, bu il rayonda 5087 hektar sahədə pambıq əkilib. Hələlik 13 min ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Sahələrdə 23 ədəd pambıqyığan maşın işləyir. Pambığın 6070 tonu kombaynlarla, yerdə qalan hissəsi əl əməyi ilə yığılıb. Neftçalada gündəlik orta hesabla 500 tondan çox pambıq tədarük olunur.

Rayonun Xolqaraqaşlı kəndində yaşayan, ömrünün 50 ilini torpağa bağlayan qabaqcıl pambıq ustası, “Əmək” ordenli Əlibala Səlimov ötən il hər hektardan 58 sentner “ağ qızıl” toplayıb. Bu il isə fermer 60 sentner məhsul götürməyi qarşısına məqsəd qoyub. Pambıq ustası builki nəticəyə torpağa göstərdiyi aqrotexniki qulluqdan başqa, yeni üsul tətbiq etməklə nail olub. Belə ki, o, pambıq kolunun təkcə boy hissələrini yox, həm də yan budaqlarını vurmaqla bol məhsul əldə edib. Əlibala Səlimov yeni metodla hər hektardan 60 sentner məhsul toplayıb. Lakin bununla kifayətlənməyən fermer gələn il 1000 ton məhsul toplamağı qarşısına hədəf qoyub.

Kənd Təsərrüfatı Nazirliyi yanında Fermerlər Şurasının üzvü olan Əlibala Səlimov növbəti il yeni arzu ilə əkinə başlamaq niyyətindədir. O, gələn il pambıq sahəsindəki göstəriciləri rekord həddə çatdırmaq üçün indidən hazırlıqlara da başlayıb. Fermer, həmçinin boş və istifadəsiz torpaqları da əkinə cəlb eləməyi düşünür: “Şuranın üzvü olaraq, təklif edirəm ki, gələn təsərrüfat ilində pambıqçılar arasında respublikada ilk dəfə olaraq “1000 tonçu” hərəkatına başlayaq. Yəni hər kəs 1000 ton pambıq istehsal etməyi hədəfləsin. Bunun üçün şərait də var. İstifadəsiz torpaqları, pambıq üçün yararlı sahələri əkinə cəlb etmək mümkündür. Prezident İlham Əliyevin tapşırığı ilə sahələrə su kanalı da çəkilib. Növbəli əkin sistemini tətbiq etməklə 1000 ton pambıq yığıb dövlətə təhvil verə bilərik. Əgər buna nail olsaq, kəndlərdə insanların məşğulluğu da artar”.

Bu il Əlibala Səlimov Kənd Təsərrüfatı Nazirliyi yanında Fermerlər Şurasının digər üzvü olan, respublikanın qabaqcıl pambıq ustası Fatma Hüseynova ilə məhsuldarlıq üzrə yarışa da qatılıb.

Qeyd edək ki, bu il ölkə ərazisində 100 min 111 hektar sahədə pambıq əkini aparılıb. Hazırda sahələrdə pambıq yığımı sürətlə davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.